BAKI, 3 may - Sputnik. Rusiya Prezidenti Vladimir Putin bəzi xarici dövlətlərin qeyri-dost hərəkətlərinə qarşı cavab iqtisadi tədbirləri haqqında fərman imzalayıb. Bu barədə RİA Novosti xəbər yayıb. Qeyd olunur ki, müvafiq sənəd Rusiyanın hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Fərman Rusiyanın cavab sanksiyaları tətbiq olunmuş əcnəbi fiziki və hüquqi şəxslərlə əməliyyatlar aparmağı və onlar qarşısında öhdəlikləri yerinə yetirməyi, habelə həmin şəxslərin xeyrinə ölkədən xammal və məhsulların ixracını qadağan edir.
Bundan əlavə, RF hökumətinə on gün müddətində müvafiq siyahını tərtib etmək də tapşırılıb.
Qeyd edək ki, cari ilin mart ayında Rusiya hökuməti dost olmayan ölkələrin siyahısını təsdiqləyib.
Siyahıya Avstraliya, Albaniya, Andorra, Böyük Britaniya, Avropa İttifaqına üzv ölkələr, İslandiya, Kanada, Lixtenşteyn, Mikroneziya, Monako, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, San-Marino, Şimali Makedoniya, Sinqapur, ABŞ, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə, Yaponiya daxil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.