İDMAN

Avstriyada 30 şahmatçı eyni vaxtda azərbaycanlı qrossmeysterə qarşı oynayıb

Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Şahmat Federasiyasının birgə təşkil etdiyi yarışda avstriyalı peşəkar və həvəskar şahmatçılar Nicat Abasova qarşı mübarizə aparıblar.
Sputnik
BAKI, 2 may - Sputnik. Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı qrossmeyster Nicat Abasov eyni vaxtda 30 lövhədə seans keçirib.
Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Şahmat Federasiyasının birgə təşkil etdiyi tədbirdə avstriyalı peşəkar və həvəskar şahmatçılar Nicat Abasova qarşı mübarizə aparıblar. Yarışda 30 şahmatçı eyni vaxtda N.Abasova qarşı oynayıb.
Tədbirin açılışında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova Azərbaycanda güclü şahmat ənənələrinin mövcud olduğunu diqqətə çatdırıb.
Çıxış edən Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Avstriya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd edildiyi 2022-ci ildə şahmatçılar arasında da əlaqələrin möhkəmlənməsinə xidmət edən bu qəbildən tədbirləri yüksək qiymətləndirib (Report).
Vyana Şahmat Federasiyasının vitse-prezidenti Hanna Vehbe 2018-2019 mövsümündə “SV Raika Rapid Feffernitz” klubunun heyətində Avstriya Birinci Şahmat Liqasının qalibi olan Nicat Abasova, eləcə də təşkilatçılara təşəkkür edib.
Qeyd edək ki, yarışdan sonra avstriyalı şahmatçılara Azərbaycan haqqında məlumat kitabçaları və suvenirlərdən ibarət xatirə hədiyyələri təqdim olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.