BAKI, 1 may - Sputnik. İrəvanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Fransa meydanında çadır qurublar.
Məlumata görə, meydana bitişik küçələr zibil qabqları və skamyalarla bağlanıb. Etirazçılar nəqliyyatın hərəkətini iflic etməyi planlaşdırırlar.
Etirazçılar "Paşinyan hakimiyyətdən getməyənə qədər meydanı tərk etməmək"də qərarlı olduqlarını açıqlayıblar.
Qeyd edək ki, bu gün İrəvanın Fransa meydanında Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə Müqavimət Hərəkatının böyük mitinqi keçirilib.
Mitinqə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, parlamentdəki "Şərəfim var" fraksiyasının rəhbəri Artur Vanetsyan, Daşnaksutyun Partiyasının üzvləri, 5165 hərəkatının üzvləri və digər qüvvələr qatılıb.
Mitinqçilər qarşısında çıxış edən parlamentin müxalif "Ermənistan" fraksiyasından olan vitse-spiker İşxan Saqatelyan bildirib ki, aksiya iştirakçıları artıq indiki rəhbərliyin mandatının olmadığını sübut ediblər.
"İndi biz sübut etməliyik ki, onun səlahiyyəti yoxdur", - Saqatelyan bildirib.
Ermənistan müxalifəti aprelin 25-dən bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır. Bu, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.
Müxalifətçilərdən ibarət aksiyaçıların dəstələri İcevan və Tiqranaşen şəhərlərindən paytaxt İrəvana yollanıblar. Onlar mayın 1-də paytaxtdakı mitinqçilərə qoşulublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.