BAKI, 30 aprel - Sputnik. Fransada keçirilən seçkilərdə “ekstremistlərin” məğlubiyyəti bütün dünyanın qələbəsidir. RİA Novosti-nin xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərabistanına səfərdən qayıtdıqdan sonra jurnalistlərlə söhbətində bildirib.
Xatırladaq ki, aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Emmanuel Makron və ifrat sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen prezidentlik uğrunda mübarizə aparıblar.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, bülletenlərin 100%-i hesablandıqdan sonra Makron 58,54%, Le Pen 41,46% səs toplayıb.
“Fransadakı seçkilərdə ekstremistlərin aradan qaldırılmasını və onların məğlubiyyətini bütün dünyamızın qələbəsi hesab edirəm... Digər tərəfdən, Makronun əleyhdarlarının Fransanın sosioloji strukturunu o qədər də yaxşı analiz etmədiyi ortaya çıxdı. Başqa sözlə, onların İslama qarşı çox açıq-aşkar düşmənçilik nümayiş etdirmələri, xüsusən də hicaba qarşı ifrat münasibəti və müsəlmanlara qarşı tətbiqləri təbii ki, Makronu ikinci turda gündəmə gətirdi”, - deyə Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, seçkilərdən az əvvəl o, NATO sammiti çərçivəsində Makronla bir saata yaxın təkbətək görüş keçirib.
“Həmin görüşdə Türkiyə-Fransa münasibətlərini gələcək dövr üçün necə planlaşdıracağımızdan, hansı addımlar atacağımızdan danışdıq. Ümid edirəm ki, bu seçkilər nəticəsində aramızda olan münasibətlər xeyli yaxşılaşacaq”, - deyə Türkiyə lideri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.