BAKI, 29 aprel — Sputnik. Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda əsaslı təmir-bərpa işlərinə başlayır. Bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, təmir-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılacaq. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılacaq. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
"Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək. Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq", - AYDA-dan bildirilib.
Qeyd edək ki, Bakı-Quba-Rusiya Federasiyası yolunun bərbad halda olması sürücülərin haqlı narazılığına səbəb olmuşdu. Yolda olan problemlər tez-tez qəzalara da yol açır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.