PAYTAXT XƏBƏRLƏRİ

Bakıda qızlar metro tunelinə niyə düşüblər?

Onların valideyni polis bölməsinə dəvət edilib, daha sonra onların izahatları alınaraq sərbəst buraxılıblar.
Sputnik
BAKI, 28 aprel — Sputnik. Bir gün əvvəl metroda fövqəladə vəziyyət yaradan qızlar tuneldə "TikTok" platformasında paylaşmaq üçün video çəkmək istəyiblər.
Yetkinlik yaşına çatmayan qızlar tez saxlanıldıqları üçün ideyaları gerçəkləşməyib. Daha sonra qızların şəxsiyyəti müəyyən edilib.
“Qafqazinfo”nun xəbərinə əsasən onların Sumqayıtda yaşadığı və atalarının Türkiyə vətəndaşı olduğu bildirilir. Qızların valideyni polis bölməsinə dəvət edilib, daha sonra onların izahatları alınaraq sərbəst buraxılıblar.
Qeyd edək ki, ötən gün iki gənc qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumatda bildirilib ki, dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb.
Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub.
Hadisə ilə əlaqədar xətlərdə 6 dəqiqə yubanma yaranıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.