BAKI, 27 aprel — Sputnik. Ümumdünya Turizm Təşkilatı (UNWTO) Rusiyanın təşkilatdan çıxmaq niyyəti barədə açıqlamasını təsdiqləyib. Bildirilib ki, ölkənin üzvlüyünün dayandırılması dərhal qüvvəyə minir.
Bu yaxınlarda İspaniyanın "Efe" agentliyi xəbər verib ki, Rusiya UNWTO-nu tərk edir.
"Rusiya UNWTO-dan çıxmaq niyyətində olduğunu açıqlayıb. Müvafiq prosesə əməl etmək lazımdır. Prosesin başa çatması bir il çəkəcək. Ancaq üzvlüyün dayandırılması dərhal qüvvəyə minir!", - deyə təşkilatın "Twitter"də verdiyi açıqlamada bildirilir.
Xatırladaq ki, BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, Rusiyanın Ümumdünya Turizm Təşkilatına üzvlüyündən çıxması zərərli nümunə yarada bilər.
Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurası bu yaxınlarda Qvatemala, Litva, Polşa, Sloveniya və Ukraynanın təşəbbüsü ilə Rusiyanın üzvlüyünün dayandırılması təklifini müzakirə etmək üçün ilk iclasını keçirib. İclas iştirakçılarının 72%-i Baş Assambleyanın növbədənkənar iclasının keçirilməsini dəstəkləyiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.