SƏHİYYƏ

Azərbaycanda COVID-19 pasportu ləğv edilə bilərmi?

Mayın 1-dən ölkədə qapalı məkanlarda tibbi maskalardan istifadə tələbi ləğv edilir.
Sputnik
BAKI, 27 APREL. — Sputnik. Səhiyyə naziri Teymur Musayev yaxın gələcək üçün ölkədə COVID-19 pasportu tələbinin ləğvi məsələsinin mümkün olub-olmamasına münasibət bildirib.
Nazir xatırladıb ki, mayın 1-dən ölkədə qapalı məkanlarda tibbi maskalardan istifadə tələbi ləğv edilir, lakin pandemiya davam etdiyindən əhali ayıq-sayıq olmalıdır.
Onun sözlərinə görə, əhalinin sıx toplaşdığı yerlərdə, qapalı məkanlarda maskadan istifadə tövsiyə olunandır: "Digər qalan məhdudiyyətlərə gəlincə, bu məsələ cari epidemioloji vəziyyətdən asılıdır. Çünki məhdudiyyətlərin hamısının birdən götürülməsi koronavirus infeksiyasına yoluxma saylarının kəskin şəkildə artmasına səbəb olur".
"Əsas rəqəmlər xəstəxanaya yerləşdirilən şəxslərin sayıdır. Xəstəxanaya yatış və ölüm sayları diqqət edilən məqamlardandır. Ölkədə həyata keçirilən uğurlu vaksinasiya kampaniyası və tətbiq edilən əks-epidemioloji addımlar nəticəsində vəziyyət demək olar ki, stabildir. Rəqəmlər də get-gedə azalmaqdadır. Bu da ümidverici faktdır. Bütün hallarda ayıq-sayıq olmağı heç nə inkar etmir" - T.Musayev deyib (report.az).
COVID-19 pasportu
COVID-19 pasportunun iki növü var: "COVID-19 vaksin sertifikatı" və "COVID-19 immunitet sertifikatı".
"COVID-19 vaksin sertifikatı" COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), "COVID-19 immunitet sertifikatı" isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir.
Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin "Şəxsi Kabinetə giriş" (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə "MyGov" portalına da əlavə edilmişdir.
"Digər xidmətlər" bölməsinə daxil olduqda ekranda "COVID-19 vaksin sertifikatı" və ya "COVID-19 immunitet sertifikatı" seçimləri əks olunur.
Əgər vətəndaş vaksin olunubsa, "COVID-19 vaksin sertifikatı", xəstəliyə yoluxub-sağalmışsa, "COVID-19 immunitet sertifikatı" seçimini etməlidir.
Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. Qeyd edək ki, COVID-19 pasportunun doğruluğunun sənəddə əks olunan "QR Code" vasitəsilə yoxlanılması da mümkündür.
Əlavə olaraq bildirək ki, vətəndaşlar COVID-19 pasportunu "E-Təbib" mobil tətbiqi vasitəsi ilə də əldə edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SƏHİYYƏ
Azərbaycanda maska qadağasının ləğvi gözlənilir - TƏBİB