AZƏRBAYCAN XƏBƏRLƏRİ

Spiker: Qurultay Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu nümayiş etdirdi

Milli Məclisin spikeri Zəfər qurultayını çox maraqlı tərzdə dəyərləndirib.
Sputnik
BAKI, 26 aprel — Sputnik. Bir neçə gün öncə ölkəmizin və xalqımızın həyatında çox mühüm bir hadisə baş verib. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dünya azərbaycanlılarının 5-ci qurultayı olub. Hesab edirəm ki, qurultayın 44 günlük Vətən müharibəsinin son döyüşlərinin baş verdiyi bu şəhərdə keçirilməsinin və "Zəfər qurultayı" adı daşımasının dərin rəmzi mənaları var.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, qurultay Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu, Azərbaycan xalqının öz sözünü qəbul etdirə bilən mütəşəkkil bir qüvvə kimi formalaşdığını və daim öz dövlətini dəstəklədiyini nümayiş etdirdi. Bu gün Azərbaycan bölgənin geosiyasi və geoiqtisadi mənzərəsini müəyyən edən güc mərkəzi kimi dünyanın diqqətini özünə cəlb edir.
Spiker bildirib ki, Prezident İlham Əliyev qurultayda geniş və dərin məzmunlu nitq söyləyib. Deməliyəm ki, cənab Prezidentin hər bir azərbaycanlı, bizim hər birimiz üçün proqram xarakteri daşıyan bu nitqi xalqımızın həyatının mühüm hadisələrinə işıq salıb, qarşıdakı dövr üçün əsas vəzifələri müəyyən edib. Möhtərəm Prezident müzəffər xalqın rəhbəri, qalib dövlətin başçısı kimi bir daha bəyan etdi: "Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik...
Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz".
Sədr son bir həftə ərzində Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı baxımından vacib olan səfər və görüşlər barədə də qısa məlumat verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başa çatıb