BAKI, 25 aprel — Sputnik. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı aşkarlanmayıb.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, Avropa və ABŞ-da uşaqlarda yayılan mənşəyi məlum olmayan hepatit virusuna indiyə qədər 11 ölkədə yoluxma halı aşkarlanıb:
"Azərbaycanın səhiyyə qurumları respublika ərazisində epidemioloji vəziyyəti dərhal araşdırıb. Nəticələrə əsasən, indiyə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı aşkarlanmayıb".
"Vətəndaşların nəzərinə çatdırırıq ki, respublika ərazisində vəziyyət diqqətlə izlənilir və nəzarət altındadır. Əhaliyə təşvişə düşməmək, lakin profilaktik tədbirlərə, xüsusən adi gigiyena qaydalarına riayət etmək, o cümlədən əllərin tez-tez yuyulması, xəstə insanlarla (asqırma, öskürmə və s. əlamətləri) təmasdan çəkinmək, habelə, çirkli əllərlə gözlərə, buruna və ya ağıza toxunmamaq tövsiyə edilir. Valideynləri və uşaqlara qayğı göstərən digər şəxsləri hepatitin simptomlarından xəbərdar olmağa və hər hansı narahatlıqla bağlı tibb işçiləri ilə əlaqə saxlamağa çağırırıq", - birgə məlumatda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.