CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın Alban-udi icması Pasxanı belə qeyd edir

Qəbələ rayonu, udilərin kompakt halda yaşadığı Nic qəsəbəsindəki Alban-udi kilsəsinin rəsmi açılışı 2006-cı ildə olub.
Sputnik
BAKI, 24 aprel — Sputnik. Budur, kilsə zəngi çalınır. İki illik fasilədən sonra kilsənin həyətinə xeyli insan toplaşıb. Pandemiya müddətində, digər ibadət yerlərində olduğu kimi, burada da sanitar-epidemoloji qaydalara ciddi əməl olunub. Söhbət Qəbələnin Nic qəsəbəsindəki kilsədə keçirilən Pasxadan gedir.
Qəbələdə Pasxa qeyd edilib
Kilsə daxilində ibadətdən öncə Alban-Udi Xristian dini icmasının rəhbəri, kilsənin keşişi, eləcə də icmanın üzvləri sakinlərə və qonaqlara Pasxa bayramının mahiyyətindən, dövlətin müxtəlif dini icmalara diqqət və qayğısından danışıblar.
Alban-udi icmasının sədri Robert Mobili ölkəmizdə udilərə qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin əsaslı şəkildə bərpasının Azərbaycanda tolerantlığa gözəl nümunə olduğu qeyd edib.
Qəbələdə Pasxa qeyd edilib
"44 günlük müharibədən sonra Qarabağ işğaldan azad olundu. Alban-udi xristian icması da oraya çoxlu ziyarətlər edib. Biz hər dəfə ziyarət edəndə deyirik ki, şəhidlərin qanı bahasına oraya getmişik. Şəhidlərə dualar edirdik. Hər dəfə əsas dualar ondan ibarətdir ki, biz şəhidləri yada salmışıq. Bu gün də udi icması Alban kilsəsinin dirçəlişində, onun irsinin bərpasında önəmli rol oynayır. Qarabağda olan irsi nəzərdə tuturam, hansını ki, ermənilər özlərinin adına çıxmaq, o kilsələrə sahib olmaq üçün cəhd edirlər".
Qəbələdə Pasxa qeyd edilib
"Udi-Bulaq" Mədəniyyət Mərkəzinin sədr müavini Rafiq Danakari isə qeyd edib ki, Azərbaycanda yaşayan bütün azsaylı xalqların adət-ənənələri qorunur, milli dəyərlərə önəm verilir. Onun sözlərinə görə, hər il burada keçirilən bayrama yerli müsəlman sakinlər də qatılır və onları təbrik edirlər:
"Hazırda dünyada 10 minə yaxın udi yaşayır. Onlardan 3500 nəfəri Nic qəsəbəsində məskunlaşıb. Udilər bu qədim yaşayış mərkəzində öz milli-mənəvi dəyərlərini qoruyur, din və dillərini inkişaf etdirirlər. Onu da xüsusi vurğulamaq lazımdır ki, dünyada tək udi məktəbi bu qəsəbədə fəaliyyət göstərir".
Qeyd edək ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən və ölkəmizdə vicdan azadlığı tam təmin olunduqdan sonra Alban Apostol Kilsəsinin statusunun bərpası və üzləşdiyimiz ədalətsizliyin aradan qaldırılması üçün tarixi fürsət yaranıb. Udi ziyalılarının təşəbbüsü ilə 2003-cü ildə Alban-Udi xristian icması yaradılıb və dövlət qeydiyyatından keçib.
Dini icmanın qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi yolunda ilk addım olub. Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonu, Kiş kəndində yerləşən və Qafqazda “kilsələrin anası” hesab olunan apostol Yelisey məbədi bərpa edilib, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonu, Nic qəsəbəsindəki “Çotari” Alban-udi kilsəsinin rəsmi açılışı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Qaxda yaşayan gürcülər Pasxanı qeyd edir