BAKI, 23 aprel - Sputnik. Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilən diaspor nümayəndələrinə “Əməkdar elm xadimi” fəxri adı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Dostluq” ordeni və “Tərəqqi” medalı təqdim olunub.
Sonra Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış ediblər.
Bildirilib ki, Zəfər Qurultayının Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərində baş tutması mühüm tarixi hadisədir. Bu tədbir xaricdə yaşayan soydaşlarımızın doğma Vətən ətrafında daha sıx birləşməsinə və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanmasına mühüm töhfə verəcək.
Qeyd edilib ki, indi əsas məqsəd işğaldan azad edilmiş torpaqların bərpası və azərbaycanlıların ata-baba yurduna qayıdışını təmin etməkdir. Baxmayaraq ki, işğaldan əvvəlki dövrdə Şuşa şəhəri “Qarabağın cənnəti”, “Qafqazın konservatoriyası” adlandırılıb, son 30 ildə düşmən Şuşada azərbaycanlılara məxsus bütün tarixi-mədəni irsi dağıtmaqla məşğul olub. İndi Şuşanın, eləcə də bütünlüklə Qarabağın əvvəlki şöhrətini qaytarmaq, Qarabağı dirçəltmək qarşıda duran əsas məqsədlərdəndir. İşğaldan azad olunmuş ərazilərdə qısa müddətdə müasir yol infrastrukturunun qurulması, tarixi, dini və mədəni abidələrin bərpa edilməsi, bir sıra sosial layihələrin həyata keçirilməsi, Şuşanın Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı seçilməsi, tarixi Şuşa Bəyannaməsinin imzalanması və nəhayət Dünya Azərbaycanlılarının V Qurultayının bu şəhərdə keçirilməsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Şuşa tezliklə dirçələcək, inkişaf edəcək, özünün əvvəlki şöhrətini qaytaracaq və yenə də mühüm mədəni tədbirlərin keçirildiyi məkana çevriləcəkdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız nəinki Şuşanın, eləcə də işğaldan azad olunmuş digər torpaqlarımızın gələcək sosial, iqtisadi və mədəni inkişafına öz fəaliyyətləri ilə töhfə verə bilərlər.
Eyni zamanda, vurğulanıb ki, tezliklə Şuşada, Daşaltı kəndində müasir beşulduzlu otellər, turizm və ictimai-iaşə mərkəzləri fəaliyyətə başlayacaq. Qarabağın səfalı təbiəti, füsunkar mənzərələri və turizm imkanlarını nəzərə alsaq, bu potensialın inkişafında və xarici turistlərin buraya cəlb olunmasında soydaşlarımız yaxından iştirak edə bilərlər.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Azərbaycan diasporuna dövlət qayğısından, diaspor fəaliyyətinin yeni inkişaf mərhələsinə qədəm qoymasından, Komitə tərəfindən həyata keçirilən layihələr və tədbirlərdən, beynəlxalq sahədə əməkdaşlıq və perspektiv imkanlardan, milli kimliyin və ana dilinin qorunması məsələlərindən, rəhbərlik etdiyi qurumun informasiya və təşviqat fəaliyyətindən danışıb. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, pandemiya dövründə diasporla işin təşkili, Azərbaycan diasporunun Tovuz döyüşlərindən sonrakı fəaliyyətinə toxunan F.Muradov diasporumuzun Vətən müharibəsi dövründə fəaliyyətindən bəhs edib, xaricdə yaşayan soydaşlarımızın ölkəmizdə şəhid ailələrinə və qazilərə, Azərbaycan Diasporuna Dəstək Fonduna və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də Komitənin koordinasiyası ilə birbaşa yardımlar etdiklərini diqqətə çatdırıb. Azərbaycanın tanıtımı və təbliğatı istiqamətində görülən işlərə nəzər salan komitə sədri, həmçinin qarşıdakı problemlər və perspektivlər barədə məlumat verib.
Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan dövləti kimi, xaricdəki Azərbaycan diasporunun da yeni mərhələyə qədəm qoyduğunu vurğulayan Fuad Muradov deyib: “Təbii ki, amalımız birdir, dəyişməyib və dəyişməyəcək – Azərbaycanın regionda və dünyada daha da güclü, qüdrətli dövlətə çevrilməsi və tanıdılması, yaşadıqları ölkələrdə dövlətimizin imicinin gücləndirilməsi, xalqlar arasında dostluğun gücləndirilməsi. Təbii ki, postmüharibə dövründə diaspor artıq yeni metod və yanaşmalar ortaya qoymalıdır. Gələcək fəaliyyət proqramımızda əsas yeri milli dövlətçiliyimizin intibah dövründə – Zəfər mərhələsində Azərbaycan diasporunu Qarabağın dirçəlişi prosesinə cəlb etmək tutur”.
Sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və soydaşlarımıza azərbaycançılıq ideologiyası və yeni məqsədlər uğrunda gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Bağlanış tədbirində, həmçinin Qurultay sənədlərinin qəbulu və diaspor nümayəndələrinin təltifetmə mərasimi keçirilib. Eyni zamanda, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi müəyyən edilib.