BAKI, 23 aprel — Sputnik. Pandemiya və sərt karantin rejiminin tüğyan etdiyi dönəmlərdə həyatımızda müxtəlif yeniliklər də baş verdi. Məsələn, heç kəsin ağlına gəlməzdi ki, günlərin birində evdən SMS icazə ilə çıxıb, açıq havada maskayla dolaşacağıq. Toyların, yas məclislərinin qadağan olunması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması, paytaxtın çıxışında postların qurulması, onlayn təhsil və s. qeyri-adiliklər barədə pandemiyadan öncə heç kəsin təsəvvürü belə yox idi.
Belə şeylər adətən fantastik filmlərdə, antiutopik əsərlərdə baş verirdi. Böyük itkilər hesabına olsa da, pandemiyanın ən ağır dönəmləri, karantinin ən sərt çağları arxada qalıb. Artıq maskalarımızı burnumuzun üstünə qaldırmadan marketdə alış-veriş edir, kafelərdə gec saatlara qədər otura bilirik.
Açığı, karantin bir az da davam etsə, kafe-restoranlarda davranış qaydalarını unudacağımdan qorxurdum. Hər şey yaxşılığa doğru gedir, qadağalar bitmək üzrədir. Pandemiya yavaş-yavaş çəkilib gedir, virusa aid anlayışlar, “karantin aksesuarları” tarixə qovuşur. Yenidən normal həyata dönməyimizə çox az qalır. Bir az da dişimizi sıxsaq, maska qadağası götürüləcək, quru sərhədləri açılacaq. Xülasə, tarixin ən ağır sınağından çıxmağımıza az qalır.
***
Karantin rejimi əksər biznes sahələrini çökdürsə də, çatdırılma və kuryer xidmətləri fəallaşdı, daha da inkişaf etdi. Bu işə ağız büzənlər, kütləvi şəkildə bu sahəyə axışmağa, şəhərdə motosikletlər, mopedlər, velosipedlər sürətlə artdı. Bu sahənin qazanc gətirdiyini, insanların işə ehtiyacı olduğunu fəhm edən “fərasətli” işbazlar fürsəti kapitala çevirməyi bacardı.
İşsizlikdən bezmiş gənclər yavaş-yavaş kuryerliklə məşğul olmağa, kreditlə moped alıb, yollarda cövlan etməyə başladılar. Yeni dalğa özü ilə xaos gətirdi. Küçələr mopedlər və motoskletlər sayəsində kabusa çevrildi. Sürücülük vəsiqəsi tələb olunmadan idarə olunan bu nəqliyyat vasitələri, avtomobil sahiblərinin qorxulu yuxusuna çevrildi. Bu kuryerlərin bizim həyatımıza yaratdığı çətinliklərin bir hissəsidir. Halbuki, xidmət sahəsində çalışan kuryerlər bizim həyatımızı daha da asanlaşdırmalı idi. Amma nizam-intizamsız fəaliyyət, əslində hamıya ziyan vurur.
***
Karantindən əvvəl kuryerlik normal, qazanclı sahə idi. Say-seçmə insanlar, motosiklet, moped idarə edə bilənlər bu sahədə çalışır və normal da qazanırdılar. Tanıdığım bir neçə kuryerlə bu barədə söhbət etdiyim üçün, işin gedişatından xəbərdaram.
Müəyyən şirkətlərdə, hətta sifarişi olmayanda belə, kuryerə 4 manat civarında məvacib ödənir, hər 100 sifarişə görə 40 manat bonus verilir, sifarişlərin sayı artdıqca bonuslar da artırdı. Pandemiya bu sahəni kütləviləşdirdi, çatdırılma şirkətləri on nəfəri işlə təmin edib, yüz nəfəri də vəd verib ehtiyatda saxlamaqla, işin qiymətini ucuzlaşdırdı. Bir balaca narazılıq edəni işdən uzaqlaşdırıb, yenisini işə götürməklə, kuryerlər arasında xof yaratmağı bacardılar.
Məvacibləri azaltmağa, daha çox insanı işlədib, daha az maaş verməyə başlayan şirkətlərin gördüyü işin keyfiyyəti də aşağı düşməyə başladı. Naharda Xətai rayonu ərazisində sifariş verdiyim yeməyi, nahardan 2 saat sonra, soyudub, buza döndərib “çerez Ələt” gətirən kuryerə irad bildirəndə, çiyinlərini çəkib demişdi:
“Bacardığım budur, özümü həlak edəsi deyiləm ki?”
***
Beləcə paytaxtımızda kuryerlər çoxaldıqca, çatdırılmanın keyfiyyəti yerlə sürünməyə başladı. Eyni zamanda kuryerlik məcburiyyətdən seçilən peşəyə çevrildi. Soyuq, yağış, çovğun demədən işləyən kuryerlərin son dönəmlər narazılığı açıq-aydın hiss olunurdu. Bu da həqiqətdir ki, biz kuryerlərdən, kuryerlər də işlərindən narazı qaldıqca, hansısa fırıldaqçı işbaz daha da varlanmağa, kapitalını artırmağa çalışır. Əksər kuryerlər sifarişi candərdi təqdim edir, vaxtında qapını bağlamasan az qala utanmadan bəxşiş istəyirdi. Kuryerlər işlədikləri şirkətlər tərəfindən ciddi şəkildə istismar olunur və buna səs çıxaranda da işlərini itirirdilər.
***
Düşünürəm ki, kuryerlərin istismar olunmasının əsas səbəblərindən biri də, Həmkarlar İttifaqlarının olmamasıdır. Bir araya gələ bilmədikləri, hüquqlarından xəbərsiz, bu sahədə çalışmağa məcbur olduqları üçün də istismar gündən günə artırdı. Bu barədə tez-tez sosial şəbəkələrdə şikayətlər gördüyümdən, vəziyyətin ciddiləşəcəyini təxmin edirdim.
***
Nəhayət ki, istismar olunan kuryerlər dilə gəldi. Çatdırılmada liderlərdən biri olan “Wolt” şirkətinin 100-dən çox kuryeri işə çıxmaqdan imtina edərək, əmək haqlarının artırılmasını tələb ediblər.
İşçilər etiraz olaraq şirkətin mobil tətbiqini dondurublar. “Wolt” şirkəti də öz növbəsində maaş artımı tələb edənləri işdən çıxarmaqla hədələyib. Hətta bəzi kuryerləri işdən çıxarıb da.
***
Kuryerlərlərlə bağlı bütün giley-güzarları bir kənara qoyub, onların hüquqları uğrunda mübarizə aparmalarını ürəkdən dəstəkləyirəm. İstismarçı kapitalizmə etiraz edən istənilən zəhmətkeşi dəstəkləməyə hazıram. Ümid edirəm ki, dövlətimiz də zəhmətkeş insanların hüquqlarının qayğısına qalacaq, onları müdafiə edən addımlar atacaq, “Wolt” və digər şirkətlərin özbaşınalığına son qoyulacaq.
Vətəndaş dövlətin varlığını, hüququn aliliyini məhz bu məqamda hiss etməlidir. Bahalaşmanın baş alıb getdiyi bu dönəmdə işsiz qalan insanlara kompensasiya ödənməli, onların haqlı tələbləri yerinə yetirilməli, pozulmuş hüquqları bərpa edilməlidir. Məncə dövlət məhz bu məqamlarda vətəndaşı müdafiə etmək, ona sahib çıxmaq üçün var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.