SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hikmət Hacıyev: "Qurultayda diaspor təşkilatlarımız qarşısında ciddi tapşırıqlar qoyuldu"

Prezidentin köməkçisinin sözlərinə görə, diaspor təşkilatlarımızın üzərinə daha da koordinasiyalı şəkildə və sıx birləşərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq vəzifəsi düşür.
Sputnik
BAKI, 22 aprel — Sputnik. Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb.
Qurultay zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Şuşada keçirilən Dünya Azərbaycanılarının Zəfər Qurultayında diaspor təşkilatlarımızın qarşısında ciddi tapşırıqlar qoyuldu.
Bu vəzifə və tapşırıqların ən vacib istiqamətlərindən biri məhz ölkəmizə qarşı aparılan bəzi təxribat və çirkin təbliğatların qarşısının alınması, Azərbaycan həqiqətlərinin daha aktiv şəkildə diaspor təmsilçiləri vasitəsilə onların çalışdıqları, yaşadıqları ölkələrdə geniş ictimai zümrələrə təqdim olunması və azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha da aktiv rol oynamalarıdır:
"Vətən müharibəsi dövründə aparılan siyasətimizə və diaspor təşkilatlarımızın fəaliyyətinə baxdıqda məmnuniyyətlə qeyd edə bilərik ki, bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin qoyduğu tapşırıqlara uyğun olaraq ciddi irəliləyişlərimiz olub. Yenə də qarşımızda yeni tapşırıqlar var. Çünki biz postmünaqişə dövründəyik və erməni lobbi təşkilatları, onların bəzi havadarları tərəfindən, ümumiyyətlə, Azərbaycana qarşı davamlı surətdə çirkin təbliğat və kampaniyalar aparan müxtəlif dairələr tərəfindən yenə də ölkəmizə qarşı bu niyyətlər davam etdirilir".
Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.
Xatırladaq ki, apreldən başlayaraq hər ay Milli Məclisin komitə iclaslarından biri Şuşa şəhərində keçirilir. Milli Məclisin komitə iclaslarının Şuşa şəhərində keçirilməsi Prezidentin sərəncamı ilə elan edilmiş "Şuşa İli"nə töhfə vermək niyyəti ilə bağlı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
"Biz tək Ermənistanla deyil, dünya erməniliyi və himayədarları ilə müharibə aparmışıq"