İDMAN

Formula 1-lə bağlı quraşdırma işləri nə vaxt başa çatacaq

Formula 1 üzrə Azərbaycan Qran Prisi üçün tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayıb və bütün yarış trekini əhatə edəcək.
Sputnik
BAKI, 22 aprel — Sputnik. Bakı Şəhər Halqası ilə bağlı tikinti-quraşdırma işlərini iyunun 6-dək yekunlaşdırmağı düşünürük. Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer deyib.
O qeyd edib ki, Paddok ərazisində də infrastruktur-quraşdırma işlərinə start verilib.
Tom Butçerin Trend-ə açıqlamasına görə, Beynəlxalq Avtomobil Federasiyası da sınaqlarını həyata keçirəcək. Bu yoxlanışlardan sonra trek tam istifadəyə veriləcək: "Sevindirici xəbər ondan ibarətdir ki, biz tribunalara və trekə qayıtmışıq. Bakı Şəhər Halqasının əməkdaşları durmadan çalışırlar. Azərbaycandakı yarışın yaddaqalan olmasını istəyirik".
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 2022-ci il iyunun 10-12-si tarixlərində baş tutacaq.
Məlumat üçün bildirək ki, Qran Pri zamanı vətəndaşların və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə olunan beton blokların quraşdırılması gecə saatlarında həyata keçirilir. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayıb və bütün yarış trekini əhatə edəcək.
Ötən ildən fərqli, builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.