BAKI, 22 aprel — Sputnik. Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.
Yarışda 31 ölkədən olan 140 gimnast iştirak edəcək. Ukraynadakı vəziyyətlə əlaqədar Ukrayna, Belarus və Rusiya gimnastları qarşıdan gələn Dünya Kubokunda iştirak edə bilməyəcək.
Sonuncular isə ənənəvi olaraq bütün bədii gimnastika yarışlarının əsas favoriti hesab edilir.
Milli Gimnastika Arenasında təşkil olunacaq dünya kuboku yarışlarında ölkəmizi fərdi proqramda Arzu Cəlilova, Zöhrə Ağamirova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Sarya Sorokina təmsil edəcəklər.
Ayın 24-nə qədər davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi "AGF Trophy" kuboku təqdim olunacaq.
Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq doqquzuncu Dünya Kuboku yarışları olacaq. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.
Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında bu növ üzrə də yarışları izləmək imkanı əldə edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.