BAKI, 22 aprel — Sputnik. "Azergold" QSC Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində 4-cü topa qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işlərinin, eləcə də Göygöl rayonu, Tülallar kəndi ərazisində yerləşən sahədə (Tülallar) daxili yolların tikinti quraşdırma işlərinin satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Tenderlərin qalibi müvafiq olaraq "Maqro Construction" MMC-nin Azərbaycandakı filialı və "Real-İnşaat" MMC-dir.
"AzerGold"un Satış və mübadilə mərkəzi
© Photo : AzerGold / Nasimi Babaev
Qalib şirkətlərə 40 milyon 757 min manat və 2 milyon 247,98 min manat, ümumilikdə isə 43 milyon 004,98 min manat ödəniləcək.
Xatırladaq ki, "Çovdar" Filiz Emalı Sahəsinin bazasında müstəqil şəkildə istismarı səmərəsiz hesab edilən bir neçə yataqdan ("Ağyoxuş 2" "Ağyoxuş 3", "Mərəh", "Tülallar" və "Narçala" qızıl yataqları) hasil edilən filizlərin mərkəzləşdirilmiş qaydada, vahid istehsal sahəsində emal edilməsinə şərait yaradan İnteqrəolunmuş Emal Sahəsi yaradılıb.
Sözügedən sahənin yaradılması yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan həmin yataqların mərhələli şəkildə, səmərəlilik əmsalı yüksəldilməklə istismarına zəmin yaradıb.
Göygöl rayonunda yerləşən və potensial resursları 500 min unsiya qızıl olaraq qiymətləndirilən "Tülallar" yatağının şimal hissəsində hasilat işlərinə start vermək üçün müvafiq kəşfiyyat, tədqiqat və layihələndirmə işləri bu il sürətləndiriləcək.
"Tülallar" sahəsinin cənub hissəsində isə resursların artırılması üzrə əlavə buruq-qazma işləri sona çatdırılıb. Cari ilin ikinci rübündə yatağın resurslarının hesablanması, təsdiqlənməsi, metallurji sınaqların aparılması və mədən planının hazırlanması işləri yekunlaşdırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.