BAKI, 22 aprel — Sputnik. Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.
Qərara əsasən:
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılıb;
2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.
Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.
Xatırladaq ki, Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi olub. Nazirlər Kabineti yanında Operativ Qərargah 31 may saat 06:00-dan etibarən açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbini ləğv etdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.