BAKI, 21 aprel — Sputnik. "Rusiya istehsalçıları üçün yeni təchizatçıların axtarışı bir neçə aya qədər çəkə bilər". Иelə bir açıqlama ilə Rusiya Bankının rəhbəri Elvira Nabiullina Dövlət Dumasında keçirilən iclasda çıxış edib.
"Sanksiyalar səbəbindən Rusiya istehlakçıları və istehsalçıları idxal və ixrac bazarlarına, hazır məhsullara, komponentlərə çıxışı itirirlər. Hətta istehsalın yüksək səviyyədə lokallaşdırılması zamanı, kifayət qədər yüksək idxal əvəzetməsi mövcud olduqda belə problemlər yarana bilər", - deyə qurum rəhbəri bildirib.
O, əsas tədarükçüləri Avropa İttifaqından olan tikiş aksesuarlarının alınması ilə bağlı Rusiya sənayesi üçün çətinliklərə diqqət çəkib.
"Məsələn, düymələr. Onlar bir çox yerdə hazırlanır. Lakin müəssisələrin bizə bildirdiyi kimi, onların hesablamalarına görə, yeni tərəfdaşların axtarışı, logistika bir neçə aya qədər çəkə bilər", - deyə Nabiullina bildirib.
Bank rəhbəri həmçinin kağız sənayesində də vəziyyətin eyni olduğunu bildirib:
"Bizim ağacların hamısı Rusiya malıdır, lakin ağardıcı kimyəvi maddələr xaricdən gətirilib. Hazırda istehsalçılar alternativ tədarükçülərə keçir, öz kimyəvi maddələrini istehsal edirlər. Lakin burada da zamana ehtiyac var. Qida sənayesində də yerli xammal var, lakin adət etdiyimiz xarici qablaşdırmaya təcili olaraq əvəz axtarılmalıdır, bu da vaxt aparacaq", - deyə Mərkəzi Bankın sədri qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.