BAKI, 20 aprel — Sputnik. Bu ilin ilk rübündə "SOCAR Karbamid" zavodu tərəfindən daxili bazara 53,4 min ton karbamid satılıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 224% çoxdur.
Bunu Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf bildirib.
Onun sözlərinə görə, karbamidin xarici bazarlara ixracı həcm baxımından 8 dəfə, dəyər baxımından isə 33 dəfə artıb. Bu isə Azərbaycanın xarici ticarət saldosuna 93 milyon dollar müsbət təsir edib.
Qeyd edək ki, bu il respublikanın taxıl əkini sahələrində karbamid gübrəsindən daha geniş istifadə olunur. Karbamid ən yüksək azot tərkibli gübrədir. Onun tərkibində 46% azot elementi vardır. Karbamid gübrəsi əsasən erkən yaz vaxtı əlavə yemləmələrdə, səpinlə birgə və bütün növ bitkilərin vegetasiya dövründə tətbiq edilir. Karbamid gübrəsinin tərkibində azot yüksək faizdə olduğu üçün bitkilərdə yaşıl kütlənin artımına xidmət edir. Beləliklə də, məhsuldarlığa və məhsulun keyfiyyətinə effektiv təsir etmiş olur.
Karbamid gübrəsi bitkinin kollanma əmsalını artırır, eyni zamanda bitkinin yaşıl qalma müddətini uzadır. Bu isə nəticədə dənin daha yaxşı dolmasına, sünbülün yaxşı inkişaf etməsinə, keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin