BAKI, 20 aprel — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, "Azərbaycan animasiyasının 50 illiyi" adlı proqrama daxil edilmiş keçmiş kult və müasir milli animasiya filmləri birinci Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) nümayiş olunur. Forum 22 aprel tarixinə qədər Özbəkistanın paytaxtında keçiriləcək.
Proqramın kuratoru ANİMAFİLM Beynəlxalq Animasiya festivalının direktoru Rəşid Ağamalıyevdir. O, həmçinin, foruma beynəlxalq münsiflər heyətinin üzvü kimi dəvət olunub. Bir çox tanınmış Azərbaycan filmlərinin müəllifi Elçin Hami Axundov da Daşkənd forumunun qonağı olub.
Proqrama "Cırtdan" (1969, rej. Ağanağı Axundov, Yalçın Əfəndiyev), "Tıq-Tıq xanım" (1979, rej. Məsud Pənahi, Ağanağı Axundov), "Cırtdan-pəhləvan" (1981, rej. Bəhmən Əliyev), "Anam ağaca çıxıb" (1986, rej. Firəngiz Qurbanova), "İthaf" (1990, rej. Şamil Nəcəfzadə), "Söhbətül-əsmar" (1994, rej. Elçin Hami Axundov), "Mükəmməl zədə" (2019, rej. Samir Salahov) daxil edilib.
Aprel ayının 18-dən başlayan forumda Daşkənd Beynəlxalq Animasiya Forumunda Mərkəzi Asiya ölkələrindən olan animatorlar və İsrail, Azərbaycan, Gürcüstan, Ukrayna və Rusiyanın aparıcı animasiya mütəxəssisləri bir araya gəliblər. Təşkilatçıların sözlərinə görə, Özbəkistanın 30 illik müstəqilliyi ərzində bu, animasiya filmlərinə həsr olunmuş ilk irimiqyaslı tədbirdir. Təşəbbüs Özbəkistanın "Dante Rustav Films" müstəqil rejissorlar birliyinin təsisçisi Denis Semyonova məxsusdur. Forum Özbəkistan Kino Agentliyi, İsrail səfirliyi, İsveçrə səfirliyi yanında İsveçrə Əməkdaşlıq Ofisi və Goethe İnstitutunun dəstəyi ilə keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin