MƏDƏNİYYƏT

Mədəniyyət naziri britaniyalı lordlarla görüşüb

Nazir Anar Kərimov Britaniya hökuməti ilə Mədəniyyət Nazirliyi arasında bir çox sahələrdə, xüsusilə də humanitar və mədəniyyət sahəsində birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
Sputnik
BAKI, 19 aprel — Sputnik.
Mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan Britaniya parlamenti Lordlar Palatasının üzvü Lord Malkolm Bryus, Lord Donald Henkey və Oksford Universitetinin müəllimi Doktor Culian Fautless ilə görüşüb.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı ölkəmizlə Britaniya hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu əlaqələrin perspektivliyi, həyata keçirilən beynəlxalq layihələr və Qarabağda bərpa işləri, Azərbaycanın dağıdılmış memarlıq abidələri və müsəlman ziyarətgahlarının bərpası istiqamətində genişmiqyaslı quruculuq işləri barədə söhbət aparılıb.
UNESCO-nun Dünya İrs Mərkəzinin məşvərətçi orqanı olan, 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni və 12 minə yaxın fərdi üzvü özündə birləşdirən, memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünya miqyaslı qeyri-hökumət təşkilatı İCOMOS-un (İCOMOS -İnternational Council on Monuments and Sites) rolu, həmçinin abidələrin qorunması və bərpası sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində mühüm addımların atıldığı vurğulanıb.
Britaniya parlamenti Lordlar Palatasının üzvləri ölkəmizə səfərdən şad olduqlarını və Böyük Britaniya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
MƏDƏNİYYƏT
Mədəniyyət naziri TÜRKSOY-un yeni Baş katibi ilə görüşüb