BAKI, 18 aprel — Sputnik. Sosial şəbəkələrdə bəzi şəxslər infeksiya riskinin yüksək olduğu qapalı məkanlarda polisin həyata keçirdiyi tədbirləri qınaq hədəfinə çevirməyə çalışırlar. Baxmayaraq ki, bir sıra məhdudiyyətlər aradan qaldırılıb, ancaq qapalı məkanlarda tibbi maskadan istifadə məcburiyyəti qalmaqdadır. Bu, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan normadır.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
E.Hacıyev bildirib ki, ölkəmizdə qüvvədə olan karantin rejim qaydalarına uyğun olaraq, polis tərəfindən fasiləsiz nəzarət-profilaktik tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində polis minlərlə vətəndaşla, sahibkarlıq subyektləri ilə gündəlik iş aparır: "Müşahidə olunan odur ki, qanunla müəyyən olunan tələblərə hələ da etinasız yanaşan şəxslər var. Ancaq nəzərə alsaq ki, polisin qarşısına vətəndaşları kütləvi olaraq cərimələmək kimi niyyət qoyulmayıb, bu istiqamətdə fəaliyyət daha çox maariflənməyə yönəldilib. Ətrafa baxaq – qapalı məkanlarda nə qədər tibbi maskadan istifadə etməyən, yaxud düzgün istifadə etməyən şəxslər var".
E.Hacıyev bildirir ki, onların hər biri barəsində kütləvi cərimələnmə həyata keçirilmir. Ancaq bu haldan sui-istifadə edən, insanların həyat və sağlamlığına məsuliyyətsiz yanaşan şəxslərə rast gəlinir.
Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlardan xahiş edilir ki, infeksiya riskinin yüksək olduğu qapalı məkanlarda fiziki məsafə, tibbi maskadan istifadəyə ciddi riayət etsinlər, özlərinin və digər şəxslərin həyat və sağlamlıqlarına biganə yanaşmasınlar.
Qeyd edək ki, dünən iri ticarət mərkəzlərinin birində bloger Hüseyn Həsənovla görüşdə insan izdihamı yaşanıb. Xüsusilə yeniyetmələr arasında görüş zamanı sıxlıqda huşunu itirənlər olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.