CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis Füzulidə silah-sursat aşkarladı

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş ərazilərində keçirdikləri tədbirlər nəticəsində silah-sursat tapılıb.
Sputnik
BAKI, 18 aprel — Sputnik. İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən intensiv tədbirlər yerinə yetirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş ərazilərində keçirdikləri növbəti tədbirlər nəticəsində silah-sursat aşkar olunub. Tapılan 9 avtomat, 1 pulemyot, 1 snayper tüfəngi, 1 tank əleyhinə idarəolunan raket, 3 qumbaraatan, müxtəlif növ 30 əl qumbarası, müxtəlif çaplı 67 mərmi, müxtəlif çaplı 7500 patron və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə mütəmadi olaraq erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması məqsədilə intensiv tədbirlər yerinə yetirilir.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
HADİSƏ
DSX və Baş Prokurorluq sərhədi pozanlar barədə məlumat yaydı