BAKI, 16 aprel — Sputnik. Qəbələdə torpağın çökmə riski var. Çünki Qəbələdən Bakıya su gətirilir. İlk olaraq həmin ərazilərdə quraqlıq yaranacaq, meşələr quruyacaq. Qocaman memar Fəxrəddin Miralayev Sputnik Azərbaycan-a açıqlamasında belə deyib.
Memarın sözlərinə görə, yeraltı su yerin üst qatını təşkil etdiyi üçün yeraltı su Bakıya gətirildikdə həmin torpaq qatı çökəcək: "Çünki bu sular təxminən yerin 50 metrliyindədir".
O bildirir ki, bu gün dünyanın bir çox ölkələri yerin altından su çıxarır: "Yerin altından suyu çıxarmazlar, çünki belə olan halda meşələr məhv olacaq. Meşələr məhv olsa, canlı aləm məhv olacaq. Təsəvvür edin ki, bundan sonra Qəbələyə gedəndə səhraya gedəcəyik, həmin ərazilər səhralıq olacaq".
Suyu öz ərazisindən götürmək lazımdır, yerin altından yox, deyən memarın sözlərinə görə, dünyada su qıtlığı ilə mübarizədə ən geniş yayılan üsul yağış sularının xüsusi borularda toplanmasıdır: "Müxtəlif ölkələrdə hər kəsin obyekti, binasının damında yağış sularını toplamaq üçün borular var. Təsəvvür edin ki, bir illik yağan yağışın toplanması yay boyu bağımın suvarılmasına kifayət edir. Bunun üçün dövlətə pul da vermirlər. Amma bizdəki vəziyyətə baxın, təzə qanun çıxıb ki, quyu qazan vergi verəcək. Quyunu öz həyətimdə qazmışamsa, buna görə niyə vergi verməliyəm? O zaman vergi verə bilərəm ki, bu həm həyətimdən kənardadır, həm də ondan kommersiya məqsədilə istifadə edib satıram".
Qeyd edək ki, bir müddət öncə "Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları" təsdiq edilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi su obyektlərindən bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərini hazırlayıb üç ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək.
Tarif (qiymət) Şurası bu qərarla təsdiq edilən Qaydalara uyğun olaraq sudan istifadə haqqını (tarifləri) iki ay müddətində müəyyən edəcək.
Suya qənaət edilmir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, qarşılıqlı ödəniş sisteminin olması suyun düzgün uçotunun aparılmasına və bu da su təsərrüfatı balansını dəqiq hazırlamağa imkan yaradacaq:
"İndiki halda hüquqi və ya fiziki şəxslər təbii mənbədən suyu bilavasitə götürərək, müxtəlif məqsədlər, o cümlədən suvarma, məişət üçün istifadə zamanı qənaət etmirlər. Eyni zamanda bu, uçotun düzgün aparılmasında çətinliklər yaradır. Sonda bu, su təsərrüfatı balansının nəticələrinə təsir edir. Ona görə də suya düzgün münasibətin, eləcə də bu sahədə hüquqi-iqtisadi öhdəliklərin formalaşması ilə bağlı ödənişin tətbiq edilməsi çox vacibdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.