CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Doğmalarının vaxtsız ölümü ilə barışa bilməyənlər - Yanğın qurbanlarının xatirəsinə

Doğum günü balası ilə eyni olan ana, nəvəsinə yaşatmaq üçün adını verən 85 yaşlı baba. Biri övladının doğum gününü onun məzarı üstündə qeyd etdi, digəri heç təsəvvür etməzdi ki, balasının hədiyyə aldığı telefonla onun ölüm xəbərini ala bilər.
Sputnik
BAKI, 15 aprel — Sputnik. Aprelin 3-də Bakıdakı "Location" gecə klubunda partlayış hadisəsi baş verib. Bədbəxt hadisə nəticəsində Maya Axundova, Ayxan Fətullazadə, Gülbala Abdullayev, Fərqanə Eynullayeva dünyasını dəyişib.
Dəhşətli faciədə həlak olanlardan 21 yaşlı Ayxan Fətullazadənin ölümü ailəsinə dəhşətli zərbə vurub. Qəfil baş verən faciə mərhumun bacısı Mehriban Fətullazadənin canından, qanından bir parça ayırıb aparıb. Qardaşı, ümumiyyətlə, onun ölümü haqda danışmaq Mehriban xanıma çox çətindir. O, hələ də bu yoxluğu qəbul edə bilmir. Son olaraq xəstəxana divarları arasında doğan ümidin birdən-birə yoxa çıxması onları göydən yerə çırpıb:
"Qardaşımın arzuları yarımçıq qaldı. Bir neçə aya hərbi xidmətə yollanacaqdı. Qayıtdıqdan sonra isə işləyib özünə bir maşın almağı planlaşdırmışdı. Həyat dolu biri idi. Hələ də ölümünə inana bilmirəm. Çünki bizə deyilmişdi ki, Ayxanın vəziyyəti yaralananların hamısından yaxşıdır, düzələcək".
Ailə Ayxanı özəl xəstəxanaya köçürdükdə həqiqəti öyrənir. Sən demə onun ümumiyyətlə yaşamaq şansı yox imiş. Analizlər də yaşama şansının olmadığını göstərib:
"Əvvəlcədən bizə analizlərin cavabının yaxşı olmadığı deyilməmişdi. Həqiqəti sonradan öyrəndik".
Mərhumun bacısı deyir ki, anası oğlunun ölümündən öncə övladı ilə görüşə, ürəyi istədiyi bir şey varsa, alıb gətirə biləcəyini deyib. "Yəqin ki, o an üçün Ayxanın tək istədiyi şey yaşamaq idi", - deyə Mehriban xanım bildirir:
"Növbəti gün qardaşımın vəziyyətinin daha da pisləşdiyini, artıq böyrəklərinin işləmədiyini öyrəndik. Həkimlərlə görüşəndə onlar qardaşımın yaşama ehtimalının olmadığını dedilər. Gedib sonuncu dəfə onunla görüşdüm".
Bundan bir neçə dəqiqə sonra mərhum cihazlardan ayrılıb. Sonra nə olub, nə baş verib, artıq Mehriban xanım heç nəyi xatırlamır:
"Sadəcə bir onu bildim ki, hər şey başımıza uçub. Birgə böyüdüyüm, əyləndiyim, dayağım, arxam olan qardaşım artıq nəfəs almırdı. Hər dəfə yuxudan duranda üzünü gördüyüm Ayxan artıq yox idi...".
Lakin ailə hələ də Ayxanın itkisinə, yoxluğuna inanmır:
"Qardaşımın surəti hər saniyə, hər an gözümün qarşısındadır. "Kaş ki orada işə düzəlməzdi" deyirik, inanın, o qədər "kaş ki"lərimiz var. Amma bu "kaş ki"lərin heç biri bizə təsəlli deyil".
Ayxan ailəsi ilə Dərnəgüldə keçmiş Kondisioner zavodunun yataqxanası olaraq tanınan bir binada yaşayırdı. Ailəyə yük olmamaq, müəyyən qədər də olsa, ailənin yükünü üzərinə götürmək üçün Ayxan gecəsini gündüzünə qatıb həm təhsil alırdı, həm də işləyirdi. O, yaşıdları kimi dincəlmir, heç əyləncəyə də zamanı olmurdu. İşləyərək təhsil aldığı üçün təqaüdü kəsilmişdi, imtahanlarda kəsiri var idi. Martın 19-da gecə klubunun açılışı olmuşdu. Heç orda işlədiyi bir ay olmadı ki, bu hadisə baş verdi.
Mehriban xanım deyir ki, atası taksi sürücüsüdür. Qardaşı da ailəyə dəstək olmaq üçün birinci kursdan işləməyə başlayıb. İşsiz qaldığı vaxtlarda isə atasının taksisi ilə gecə şəhərə çıxıb çörək pulunu qazanarmış.
Ana-bala eyni gündə doğulmuşdu, indi isə ananın canından olan parçası artıq yoxdur
Ayxan anası ilə eyni gündə - yanvarın 1-də doğulubmuş. Anasını sevindirmək üçün ona kreditlə telefon alıb hədiyyə edibmiş. Amma ana nə biləydi ki, elə bir gün oğlunun hədiyyə etdiyi telefonla onun ölüm xəbərini alacaq.
Dörd ildir ki, Ayxanla bir parta arxasında oturan qrup yoldaşı da onun ölümündən sonra özünə gələ bilməyib. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin "İnşaat texnologiyası" fakültəsinin tələbəsi Nüsrət Fərəcli deyir ki, ən yaxın dostlarından biri olan Ayxanın ölümü ona böyük zərbə vurub:
"Ayxanın ailəsi ilə danışanda demişdilər ki, artıq onun sağalacağı, aramıza geri dönəcəyinə ümid var. Amma qəfildən bu dəhşətli xəbəri aldıq. Hələ də donub-qalmışam, heç nəyi xatırlaya, haqqında nəsə danışa bilmirəm. Çox çətindir".
O deyir ki, Ayxan xaraktercə çox sakit, hər kəslə yola gedən biri idi. Dərslərdə elə də aktiv olmasa da, müəllimlər xüsusən onun sakitliyinə, tərbiyəsinə, davranışlarına görə bal yazardılar.
Güzdəkdən şəhərin mərkəzinə "5 qəpik pul" üçün
Faciə Güzdək qəsəbəsində bir evi sükuta qərq etdi. Baş vermiş faciəli yanğında ölənlərdən biri də 21 yaşlı Gülbala Abdullayev olub. Güzdəkdə fəhlə ailəsində böyüyüb boya-başa çatan Gülbalanın valideynlərinin, babasının da onunla bağlı böyük arzuları, xəyalları vardı. Səksən beş yaşlı baba adını verdiyi nəvəsinin toyunu-büsatını görmək, nəticəsini qucağına almaq, ölümündən sonra Gülbalanın onun adını yaşatmasını istəyirdi. Lakin ani baş verən fəlakət imkansız ailənin damını başına uçurdu. Baba körpəliyindən, gülüşündən belə doymadığı Gülbalanın cəsədini nə zamansa görəcəyini heç vaxt ağlına gətirməzdi. Bu haqda danışan Gülbalanın bibisi İlhamə Turabova deyir ki, ailə Gülbalanın ad gününü də onun məzarı üstündə qeyd edib.
Ailədə biri qız olmaqla üç övlad olublar, ata-ana Gülbala körpə ikən çox əzab-əziyyət çəkiblər. Bibisi deyir ki, Gülbala xəstə olduğundan ailə tez-tez onu həkimə aparmalı olurdu.
Lakin böyüdükdən sonra Gülbala özü ailənin yükünü qaldırmaq istəyir, iş axtarır. Martın 19-da "Location" gecə klubunda aşpaz olaraq işə başlayır. Beləcə, evə bir tikə çörək aparmaq üçün hər gün Güzdəkdən Bakının mərkəzinə gələrək uzun yol qət edir, bütün əziyyətlərə qatlaşır.
Bibisi İlhamə xanım deyir ki, ailə çox imkansız olub:
"Gülbalanın valideynləri işləmirdi, qardaşım da xəstə idi. Onlar 20 ildir ki, bir otaqda, şəraitsiz vəziyyətdə yaşayırlar. Atası, digər qardaşı arada iş olanda gedirdilər. Onda da qazanc ancaq gündəlik olurdu. Bacısı da işləmirdi. Gülbala daimi iş tapmışdı. Uşaq gündəlik çörək pulunu qazanmağa gedirdi, nə biləydi ki, başına belə bir hadisə gələcək?!"
Gülbala hərbi xidmətə yollanmazdan öncə aşpaz təhsili alıb. İşlədiyi yerdə onun bişirdiyi təamlar hər kəs tərəfindən bəyənilirdi. Gündəlik olaraq ona müəyyən qədər pul veriləndə də, əyin-başını yeniləməyə çalışırdı:
"Bir də görürdün ki, özünə bir köynək, ya ayaqqabı alır. Amma o geyimlər heç gül balamın sağlığına qismət olmadı. Yazıq balam, iş tapdığı üçün çox sevinmişdi, bilməzdi ki, axırda yanıb kül olar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
PAYTAXT XƏBƏRLƏRİ
Gecə klubunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı dördə yüksəlib - video