İQTİSADİYYAT

Artıq Neft Emalı Zavodu hər il təmirə dayanmayacaq

NEZ-in istehsal gücünün artırılması ölkənin “AVRO-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi məqsədlərinə xidmət edir.
Sputnik
BAKI, 15 aprel — Sputnik. Artıq Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) təmirə dayanması hər il deyil, iki ildən bir həyata keçiriləcək.
Bunu SOCAR-ın "Downstream Management" şirkətinin Baş direktorunun müavini Emil Alxaslı deyib.
Bildirilib ki, NEZ-in hər il təmirə dayanmasının qarşısının alınması məqsədilə proqram çərçivəsində 2021-ci ilin əvvəlindən kompleks tədbirlər planı hazırlanıb və hazırda icrası həyata keçirilir:
"Aprelin 4-dən etibarən NEZ təmirə dayandırılıb. 2022-ci ildə əsaslı təmirə dayanma işlərinin uğurla icrasından sonra artıq NEZ-in təmirə dayanması hər il deyil, iki ildən bir həyata keçiriləcək. Bir neçə ildən sonra isə təmirə dayanma prosesinin dörd ildən bir həyata keçirilməsi hədəf kimi qarşıya qoyulub".
Ölkədaxili tələbat tam həcmdə təmin ediləcək
Xatırladaq ki, NEZ-in istehsal gücünün artırılması, ölkənin “AVRO-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi, “Azərikimya” İstehsalat Birliyinin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.
2022-ci ilin əsaslı təmiri NEZ-də uzun müddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir.
Əsaslı təmir müddəti ərzində respublikanın mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması üçün SOCAR lazımi tədbirlər görüb.
Ölkənin dizel və kerosin yanacaqlarına olan tələbatı NEZ-də formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək.
Bu ilin fevral ayından etibarən müvafiq yanacaq ehtiyatının formalaşdırılmasına başlanılıb və hazırda da davam etməkdədir.
Bununla əlaqədar, NEZ-də aparılan əsaslı təmir işləri müddətində ölkədaxili tələbat tam həcmdə təmin ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
NEFT-QAZ
Prezident İlham Əliyev yeni neft sazişini təsdiqləyib