BAKI, 14 aprel — Sputnik. Aprelin 22-də Bakıda start götürəcək bədii gimnastika üzrə Dünya Kuboku üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, Milli Gimnastika Arenasında 3 gün təşkil olunacaq yarışda ölkəni fərdi proqramda Arzu Cəlilova, Zöhrə Ağamirova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Sarya Sorokina təmsil edəcəklər.
33 ölkədən 44 idmançı turnirə fərdi qatılacaq. 96 idmançı isə komanda üzvü olaraq yarışda iştirak edəcək. Ən çox "icra xalı"nı yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq (Report).
Xatırladaq ki, bu, Bakıda bədii gimnastika üzrə təşkil olunacaq 9-cu Dünya Kuboku olacaq.
Azərbaycan 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına da ev sahibliyi edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!