BAKI, 14 aprel — Sputnik. Dünya su qıtlığı problemi ilə üz-üzə qalıb. Dörd milyard insan, yəni, dünya əhalisinin təxminən üçdə ikisi hər il ən azı bir ay ciddi su qıtlığı ilə üzləşir, iki milyarddan çox insan su təchizatının qeyri-kafi olduğu ölkələrdə yaşayır. Proqnozlara görə, 2025-ci ilə qədər dünya əhalisinin yarısı su qıtlığı ilə üzləşən ərazilərdə yaşayacaq, 2030-cu ilədək 700 milyon əhali su qıtlığı ilə əlaqədar yaşadığı ərazini dəyişəcək. 2040-cı ilədək hər dörd uşaqdan biri su qıtlığı ilə üzləşərək bu problemin mövcud olduğu ərazilərdə yaşamış olacaq. Su qıtlığının müşahidə olunduğu ərazilərdə isə ən çox uşaq əməyi istismar edilir.
Bu barədə UNİCEF-in hesabatında qeyd olunur.
Su qıtlığı problemji və yağış sularının idarə edilməsi digər ölkələrlə yanaşı Azərbaycan üçün aktuallığını qoruyub saxlamaqdadır.
Bir çox ölkələr su qıtlığı problemini aradan qaldırmaq üçün bir sıra yollara, eyni zamanda da yağış sularının yığılmasına üstünlük verirlər.
Bəs, Azərbaycanda yağış sularının toplanması ilə bağlı vəziyyət necədir?
Xəzər Universiteti Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təəssüflər olsun, Azərbaycanda yağış sularından geniş istifadə edilmir, bu sular kanalizasiya, çirkab sularına qarışır:
"Yağış sularından istifadənin böyük perspektivləri var. Yaponiya, ABŞ kimi ölkələrdə yağış suları şəbəkəsi ayrıdır. Ölkə rütubətlidirsə, su ehtiyatları ilə yaxşı təmin olunubsa, bu zaman yağış suları ayrıca olaraq birbaşa çaylara axıdılır. Burada məqsəd çayların ekoloji sistemlərinin dəstəklənməsidir. Elə ölkələr var ki, onlarda yağış suları müəyyən su anbarlarında yığılır, sonradan istifadə olunur. Bizim Bakı şəhərində yağış sularının azalması ilə bağlı ilkin hesabatımız olub. Apardığımız araşdırma zamanı bəlli oldu ki, Abşeron ərazisinə düşən su toplanarsa, bu təxminən illik olaraq Oğuz-Qəbələ su kanalının ötürdüyü suyun həcminə bərabər ola bilər".
O bildirir ki, ölkədə yağıntının miqdarı illik olaraq dəyişir. Bakı şəhərinə illik olaraq 250-300 mm yağış düşür. Bu da Oğuz-Qəbələ su kanalının verdiyi suyun həcminə bərabərdir. Lənkəran-Astara zonasında 1100, bəzi yerlərdə 1200 mm yağıntı düşür. Zaqatala. Qax, Şəkidə də yağış suları çox olur. Yağış çox düşən ərazilərdə çayların sululuğu bol olur.
Rövşən Abbasov bildirir ki, Azərbaycanda ən çox yağıntı düşən ərazi Lənkəran-Astara zonası və Böyük Qafqazın cənub yamaclarıdır:
"Bu yağıntılar olmasa, həmin ərazilərdə meşələr olmazdı. Azərbaycanda yağış sularını toplamaq üçün müəyyən yerlərdə xüsusi cihazlardan, vasitələrdən istifadə etmək olar. Bakı və Sumqayıt şəhərində, Abşeron yarımadasında, Naxçıvanda, harada ki, su çox azdır, o yerlərdə yağış sularını toplamaq olar. Su qıtlığının qarşısını almaqda, Bakıda park və bağların suvarılmasında bu sulardan istifadə etmək olar".
Mütəxəssis qeyd edir ki, Bakı şəhərinə müxtəlif mənbələrdən suyun çəkilməsi çox baha başa gəldiyi üçün onlardan suvarma məqsədi ilə istifadə etmək doğru deyil:
"Lakin yağış sularını toplayıb onlardan istifadə etməklə bunun qarşısını almaq mümkündür. Bunun üçün infrastrukturlar qurulmalıdır".
Ekspert bildirir ki, 2050-ci ildə Azərbaycanda su çatışmazlığı ilə bağlı problem daha da güclənəcək. Həm iqlim dəyişikliyi, həm də suya olan tələbatın artması buna səbəb olacaq.
Çıxış yolu olaraq mütəxəssis quyuların fəaliyyətinin bərpasını təklif edir: "Bakı şəhərində vaxtı ilə quyular olub, bu quyuların suyundan istifadə edilirdi. Həmin quyuların çoxu indi çirklənib, dolub, bir çox yerlərdə quyuların fəaliyyətini bərpa etmək olar. Su qıtlığını azaltmaq üçün su itkilərini, israfını azaltmaq lazımdır. Bizdə kənd təsərrüfatında su itkiləri çox böyükdür, 30-40, bəzən 50 faizədək su itkiləri var".
Yağıntının miqdarı
Azərbaycan ərazisində ən az orta illik yağıntı (150-200 mm-dən az) cənub-şərqi Qobustana və Abşeron yarımadasının cənub sahilinə düşür. Kür-Araz ovalığının mərkəzi və şərq, Samur-Dəvəçi ovalığının cənub-şərq, Naxçıvan MR-nın Arazboyu, Qobustan və Abşeron yarımadasının əsas hissələrində illik yağıntılar miqdarı 300 mm-dən azdır. Onların miqdarı Xəzər dənizi sahillərindən qərbə, düzənliklərdən dağlara doğru tədricən artır. Dağlarda yağıntılar müəyyən yüksəkliyə qədər (Böyük və Kiçik Qafqazda 2600-2800 m, Naxçıvan MR-da 2600-3000 m, Talışda 200-600 m-dək) artır, sonra isə tədricən azalır. Bu ərazilərdə illik yağıntıların maksimum miqdarı Böyük Qafqazın cənub yamacında 1400-1600 mm, şimali şərq yamacında 800 mm, Kiçik Qafqaz və Naxçıvan MR-da 800-900 mm, Talış dağlarında isə 1700-1800 mm təşkil edir.
Respublikanın digər dağlıq ərazilərindən fərqli olaraq Talış dağlarında yüksəklik artdıqca yağıntının miqdarı azalır və yüksək dağlıq hissəsində (2000 m-dən yüksək) və dağarası dərələrdə onun miqdarı 250-300 mm-dən azdır. Baxmayaraq ki, yağıntıların böyük hissəsi ilin isti dövrünə (aprel-oktyabr) təsadüf edir, yay ayları quraq keçir və hətta yağıntıların bolluğu ilə seçilən Lənkəran-Astara zonasında bu zaman yağıntıların miqdarı illik normanın 5-15%-ni təşkil edir. Yağıntılı günlərin orta illik sayı Kür-Araz ovalığında və Naxçıvan MR-nın Arazboyu düzənliklərində 60-70 gündən az olur. Böyük Qafqazın cənub yamacının orta dağlıq hissəsində isə onun sayı 170 günə çatır.
Yağıntının ən böyük gündəlik maksimumu Böyük Qafqazın cənub yamacında (148 mm, Əlibəy) və Talış dağlarında (334 mm, Bələsər) qeydə alınmışdır. Leysan yağışların intensiviliyi dəqiqədə 1-2 və hətta 3 mm çatır. Düzənliklərdə yağıntının təqribən 4/5-ü, dağlarda isə 1/3-i yağış halında düşür. Düzənliklərdə qar örtüyü davamlı olmur və ayrı-ayrı illərdə o müşahidə edilmir. Respublikanın ən çox qarlı əraziləri Böyük Qafqazın cənub yamaclarındadır. Burada qar örtüklü günlərin sayı orta dağlıqda 80-120, yüksək dağlıqda isə hətta 250 günə çatır. Böyük Qafqazın ən uca zirvələrində qar örtüyü daim qalır.
Yağıntılar ən çox Talış dağlarının cənub-şərqinə düşür. Böyük və Kiçik Qafqazda yuxarı qalxdıqca yağıntı artır.
İllik yağıntının miqdarına görə Böyük Qafqazın cənubu Lənkəran vilayətindən sonra II yeri tutur. İllik yağıntının miqdarına görə III yeri Kiçik Qafqaz tutur.
Yağış sularının yığılmasının faydaları nədən ibarətdir?
"Watercache"-in məlumatına görə, yağış suları tamamilə təmiz və ödənişsiz bir resursu olmaqla həm də ərazilərin özlərini su ilə təminatıda da mühüm vasitədir.
Heç bir kimyəci tərkibə sahib olmadığı, zərərə məruz qalmadığı üçün yağış suları kənd təsərrüfatı üçün daha çox tövsiyə olunandır.
Nə üçün yağış sularının kənd təsərrüfatında istifadəsi vacibdir?
Sayt yağış sularının kənd təsərrüfatında işlədilməsinin əhəmiyyətindən də bəhs edir, qeyd olunur ki, dünyada əhali artımının və su qtılığı probleminin fonunda içməli, təmiz hesab etdiyimiz sudan ayaqyoludan istifadə etmək, yaxud da çəmənlikləri bu su ilə sulamaq nə dərəcədə düzgündür?!
Bunun əvəzinə, yağış sularını toplamaqla ətrafı yaşıllaşdırmaq, daha gözəl və yaşıl təbiətə sahib olmaq tövsiyə olunur.
Toplaya biləcəyiniz yağmur miqdarını hesbalamaqla bölgəniz üçün illik olaraq ortalama yağış miqdarını bilmək kifayətdir. Hesablamaları aparmaq üçün isə saytda yerləşən linkdəki kalkulyatordan yararlanmaq olar.
Bu suları toplamaq üçün yağış çənlərindən istifadə etmək olar. Bundan başqa, binalara yağış suları borularını quraşdırmaq olar.
Su qıtlığı ilə mübarizə aparmaq üçün nə etməliyik?
İlk olaraq davranışlarımıza nəzarət etməliyik, bir çox vərdişləri tərgitməliyik. Məsələn:
Diş fırçalayarkən suyu bağlamalı
Əl sabunlayarkən suyu bağlamaq lazımdır
Ekonom su cihazlarına üstünlük vermək lazımdır
Yağış sularını yığaraq ondan müxtəlif istiqamətlərdə istifadə etmək lazımdır.
Dünyadakı qısa mənzərə
Yağış sularının toplanmaması, yaranmış quraqlıq dolayı yolla da olsa, uşaq əməyinin istismarına gətirib çıxarır.
Su qıtlığı müşahidə olunan ərazilərdə ən böyük yük elə qadınlarla uşaqların üzərinə düşür. Uşaqlar anaları ilə birgə daha uzaq məsafələr qət edərək çənlərə su doldururlar. Bu da nəticə etibarı ilə məktəbdə daha az zaman keçirmtək, uşaqların təhsildən yayınması deməkdir.
Bundan başqa, su qıtlığı müşahidə olunduqda kanalizasiya sistemləri sıradan çıxa bilər, bu zaman yoluxucu xəstəliklər geniş vüsət ala bilər.
Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatında yağış sularıın yığılması və istifadə olunma təcrübəsi yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.