BAKI, 13 aprel — Sputnik. İndi Qarabağda ermənilərin yaşadıqları yerdə qaz xətti nasaz vəziyyətə düşmüşdür və bir müddət qaz yox idi. Dünyaya hay-haray qaldırmışdılar ki, Azərbaycan burada humanitar fəlakət törədir.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
O bildirib ki, Naxçıvan qazını onlar 15 il kəsib belə vəziyyətdə saxlamışdılar: "Naxçıvanda isə qış daha sərtdir. Haradasa şaxta mənfi 30 dərəcəyə çatır. Yaxşı, naxçıvanlılar 1990-cı ildən 2005-ci ilə qədər qazsız yaşamışlar. Kim məhrum etmişdi onları? Ermənilər və Ermənistan rəhbərliyi, Ermənistan dövləti.
Bir adam, bir təşkilat, bir ölkə səsini qaldırmışdı? Yox! Biganə idilər. Amma bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin - Amerikadan tutmuş Avropaya qədər. Birincisi, Avropanın özündə elə ölkələr var ki, orada qaz yoxdur, ümumiyyətlə yoxdur, qazlaşdırma aparılmayıb. İndi mən ad çəkmək istəmirəm. Elə ölkələr var ki, qazlaşdırmanın səviyyəsi 3-5 faizdir. Orada humanitar fəlakət hökm sürür? Bunlar bir həftə qazsız qalıblar, bu, humanitar fəlakətdir? Bəs, Naxçıvan 15 il qazsız qalanda niyə humanitar fəlakət deyildi. Sualdır bu. Bu suala cavab var? Var! İkili standartlar və ayrı-seçkilik".
Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, biz indi qazı bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər:
"Biz, sadəcə olaraq, xoş niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim bizə söz deyə bilər? Biz borclu idik onu bərpa etməyə? Yox! Bərpa etdik, ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar. Bunu nə qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq. Ona görə etmişik, humanizm göstərmişik. Amma Naxçıvanı qazsız qoyan o hadisəni heç vaxt unutmamışıq. Biz 2005-ci ildə İranla razılaşma əsasında İrandan Naxçıvana qaz çəkdik və Astaradan İran Astarasına qaz xətti çəkdik və svop əməliyyatları keçiririk. O vaxtdan bu günə qədər Naxçıvan belə təmin edilir, İrandan qaz alır. Amma bizim qazımız kəsilmişdir, bizim suyumuz kəsilmişdir".
Xatırladaq ki, bir müddət öncə Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar olunan qazpaylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olmuşdu.
"Azəriqaz" İB-nin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.