BAKI, 13 aprel — Sputnik. Bakı metrosunun "Neftçilər" stansiyasında maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüb və qatar texniki baxış üçün stansiya dalanına çəkilib.
Buna səbəb "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq ehtimalı olub.
Odur ki, normativ tələblərə görə, maşinist sərnişinlərdən vaqonları tərk etməyi tələb edib. Qatar isə texniki baxış üçün stansiya dalanına çəkilib.
Nəticədə xətdə 10 dəqiqəyədək yubanma yaranıb. Daha sonra həmin xəttə əvəzedici qatar çıxıb.
Xatırladaq ki, ötən gün də səhər saat 06:30 radələrində yaşlı bir kişi "Əhmədli" metro stansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun bildirdiyinə görə, həmin şəxs Bakı sakini, 1955-ci il təvəllüdlü Zülfəli Kazımov olub. O, ürək tutmasından vəfat edib.
Hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya həkim çağırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.