BAKI, 13 aprel — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Aprel ayının 11-də saat 22:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonunun Abdinli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd naryadının "Dayan" əmrinə və havaya xəbərdarlıq atəşinə baxmayaraq, sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən və qaranlıq hava şəraitindən istifadə edib geriyə qaçıblar.
Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanmış 2 ədəd bağlamadan çəkisi 16 kiloqram 820 qram narkotik vasitəyə (8 kiloqram 280 qram "heroin", 8 kiloqram 480 qram "marixuana", 0.60 qram "metamfetamin") bənzər maddələr və psixotrop tərkibli 3189 ədəd "metadon-40" dərman preparatı aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.