CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İaşə obyektləri faciənin bir addımlığında - Yeni sərəncam nəyi dəyişəcək?

Ekspertlər bütün iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılmalı olduğunu bildirirlər.
Sputnik
BAKI, 13 aprel — Sputnik. Bir neçə gün əvvəl Bakının “Location” klubunda baş vermiş partlayış nəticəsində 4 nəfər həlak oldu, 40-a yaxın insan isə xəsarət aldı. İlkin məlumata əsasən, hadisəyə qaz balonundan sızma, yəni, təhlükəsizlik qaydalarının pozulması səbəb olub. İnsidentə görə 3 nəfər, o cümlədən Fövqəladə Hallar Nazirliyinin inspektoru məsuliyyətə cəlb olunub. Hadisə cəmiyyətdə geniş rezonans doğurub.
İki gün əvvəl Nazirlər Kabineti "Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə" Sərəncam imzalayıb. Ona əsasən, Fövqəladə Hallar Nazirliyinə tapşırılıb ki, 6 ay müddətində Energetika Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, "Azəriqaz" İstehsalat Birliyinin və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə birlikdə ölkə üzrə insanların kütləvi toplaşdığı bütün növ obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar aparılmasını təşkil etməlidir.
Həmçinin aprelin 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fövqəladə Hallar Nazirliyində ölkənin kommunal təsərrüfatında, o cümlədən qaz təsərrüfatında mövcud vəziyyət, bununla əlaqədar yarana biləcək fövqəladə hallarla bağlı məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev açıqlamasında bildirib ki, dövlətin təhlükəsizliyinə müxtəlif təhdidlər var. Bu təhdidlər təkcə terror aktları, müharibə deyil, həm də kuləvi zəhərlənmə hallarıdır. Bunun qarşısının alınması üçün isə mütəmadi tədbirlər həyata keçirilir: "Son hadisələr göstərir ki, qaz sızmasına biganə yanaşma, digər texniki şərtlərin yerinə yetirilməməsi böyük problemə çevrilir. Xüsusilə yaşayış binalarının zirzəmisində inşa olunan iaşə obyektlərində bu problemlər yaşanır. Buna görə də, həmin obyektlərin mütəmadi yoxlanılması vacibdir. Həmçinin Azərbaycan post-müharibə dövrünü yaşayır. Buna görə diqqətli olmaq lazımdır. Hökumətin sərəncamı belə xoşagəlməz hadisələrin qarşısını almaq üçün yerində verilmiş qərardır".
Deputat deyir ki, bu prosesləri nəzarətdə saxlamaq üçün müvafiq komissiyalar təşkil olunmalıdır. Onun sözlərinə görə, Mehriban Əliyevanın tapşırığı ilə keçirilmiş iclas ciddi məqamlardan xəbər verir: "Düşünürəm ki, onun icra mexanizmi də işlənəcək. Bu proseslərin sonunda insan amili dayanır".
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə bildirib ki, Bakıda gecə klubunda baş vermiş partlayış hadisəsi cəmiyyətdə narahatlıq yaradıb. Bu bir daha ictimai iaşə müəssisələrinin, iş yerlərinin, və başqa obyektlərində təhlükəsizlik məsələsini ön plana çəkib. Həmsöhbətimiz deyir ki, işdə insanların həyatı və sağlamlığı üçün təhlükə riski olmamalıdır. İş yerində təhlükəsiz əmək şəraiti yaradılmalıdır: "Bu sərəncam bir daha aidiyyatı qurumların təhlükəsizliyə diqqət ayırmalarını, varsa aradan qaldırılmasına diqqəti cəlb edir. Biz yaxın vaxtlarda bunun müsbət tərəflərini görə biləcəyik. Yoxlamaların aparılması və aradan qaldırılması üçün tədbirlər planın hazırlanması çox yaxşı addımdır. Hadisənin baş verməməsi üçün öncədən təhlükə aradan qaldırılmalıdır".
Ekspertin sözlərinə görə, iş yerində insanların həyat sağlamlıqları üçün təhlükə riski önlənməlidir.
FHN-in kollegiya iclasında ictimai-iaşə sektorunda fövqəladə hadisələrə səbəb ola biləcək hallarla, ilk növbədə yanğın və partlayış təhlükəsi və bu çərçivədə maye qaz balonları və qazdan qeyri-qanuni istifadə halları ilə kəskin mübarizə aparılması barədə ciddi tapşırıqlar verilib. Nazir Kəmaləddin Heydərov bildirib ki, FHN-in nəzarət qurumlarının sahibkarlıq subyektlərində yoxlama keçirməsi üçün hazırda mövcud olan prosedurdan sui-istifadə edən işbazlar bir sıra hallarda təhlükəsizlik qaydalarına laqeyd yanaşırlar. Belə ki, obyektdə nəzarət tədbiri həyata keçirən Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektoru aşkar etdiyi çatışmazlıqlar, o cümlədən maye qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulma hallarını yerində aradan qaldırıb müvafiq sənədləşmə işlərini bitirərək obyekti tərk etdikdən sonra obyekt sahibi yenidən həmin qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulmanı bərpa edir. Bu da sonda ağır faciələrə gətirib çıxarır.
Ekspert E. Nurəliyev təhlükəsizliyin təmin olunması və sui-istifadə hallarının olmaması üçün qanunvericiliyin təkmilləşməsinin vacib olduğunu söyləyir. Hazırda qaz balonlarının iaşə obyektlərində işlədilməsi üçün cərimə 30 manatdır. Bu isə sahibkarların təkrar qanun pozuntusuna şərait yaradır.
Qeyd edək ki, Sərəncamla aşağıdakı məkanlarda yoxlamalar aparılmalıdır:
1) İnsanların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş binalarda, o cümlədən yataqxanalarda, mehmanxanalarda, sanatoriyalarda, istirahət evlərində, kempinqlərdə, motellərdə və s;
2) mülkiyyət formasından asılı olmayaraq, bütün sosial təyinatlı obyektlərdə, xəstəxanalarda, təhsil müəssisələrində və s;
3) tamaşa və mədəni-maarif təşkilatlarının binalarında (teatrlar, kinoteatrlar, konsert zalları, muzeylər və s.);
4) əhaliyə xidmət göstərən bütün ictimai obyektlərdə (ticarət mərkəzləri, kafelər, restoranlar və s.).
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi aparılan yoxlamaların gedişatı barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat vermək tapşırılıb.
PAYTAXT XƏBƏRLƏRİ
Gecə klubunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı dördə yüksəlib - video