BAKI, 12 aprel — Sputnik. Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.
Milli Məclisin bu gün keçirilən iclasında “Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Taleh Kazımov bank sahəsində uğurlu idarəedici kimi tanınır: “Bu təyinat komitə iclasında geniş müzakirə olunub. Dövlət başçısının bank sahəsi ilə bağlı geniş tapşırıqları var”.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi barədə təqdimat Azərbaycan Prezidenti tərəfindən göndərilib.
Taleh Kazımov buna qədər "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru olub.
Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iştirak edən Taleh Kazımov ölkə Prezidentinə ona göstərdiyi etimada görə minnətdarlığını ifadə edib. O, komitə üzvlərinə müsbət rəyə görə təşəkkür edib. Fəaliyyəti dövründə Mərkəzi Bankla parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında daha sıx və səmərəli əlaqələrin qurulmasında səylərini əsirgəməyəcəyini söyləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.