İDMAN

Rusiyalı oliqarx ispan klubunu almaq istəyir

Mart ayında Londonun “Çelsi” futbol klubunu satmaq qərarını açıqlayan Roman Abramoviçin "Valensiya"ya meyl saldığı bildirilir.
Sputnik
BAKI, 11 aprel - Sputnik. Rusiyalı oliqarx Roman Abramoviçin daha bir Avropa futbol klubunu alacağı barədə məlumatlar yayılıb.
Britaniyanın Mirror nəşrinin xəbərinə görə, oliqarx Roman Abramoviç Londonun "Çelsi"sini satdıqdan sonra İspaniyanın "Valensiya" futbol klubunu almağa çalışacaq.

Ötən həftə isə Türkiyə mətbuatı oliqarxın Türkiyənin “Göztepe” futbol klubunu alması barədə xəbər paylaşmışdı.

Lakin sözügedən məlumat artıq klub tərəfindən təkzib edilib.
Xatırladaq ki, mart ayında Roman Abramoviç Londonun “Çelsi” futbol klubunu satmaq qərarına gəldiyini açıqlayıb. Onun açıqlaması "Çelsi"nin saytında yerləşdirilib.
"Hazırkı vəziyyətdə klubu satmaq qərarına gəldim, çünki bunun klubun, azarkeşlərin, işçilərin, eləcə də sponsorların və tərəfdaşların maraqlarına uyğun olduğunu hesab edirəm", - deyə R.Abramoviç bildirib.
R.Abramoviç qeyd edib ki, "klubun satışı sürətləndirilməyəcək, lakin lazımi prosesə uyğun aparılacaq":
"Mənim üçün bu, heç vaxt biznes və ya pul deyil, oyuna və kluba olan həvəs idi. Üstəlik, mən komandama satışdan əldə edilən bütün xalis gəlirin bağışlanacağı bir xeyriyyə fondu yaratmağı tapşırdım. Fond Ukraynadakı müharibənin bütün qurbanlarının xeyrinə çalışacaq".
Rusiyalı biznesmen "Çelsi" klubunu dünya idman tarixində rekord qiymətə satmaq niyyətindədir.
Britaniyalı biznesmen Cim Retkliff klubu 2,68 milyard dollara almaq istəyib. Lakin Abramoviç idman tarixində ən bahalı olacaq bu sövdələşmədən imtina edib. Bildirilir ki, rus biznesmen "Çelsi"ni 3,9 milyard dollara satmaq niyyətindədir.
Qeyd edək ki, "Forbes" jurnalı ötən ilin iyulunda "Çelsi"ni 2,06 milyard dollar dəyərində qiymətləndirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Abramoviç "Çelsi"ni rekord məbləğə satır