HADİSƏ

Ana həbsdəki oğluna mobil telefon keçirmək istədi, özü də saxlanıldı

Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Sputnik
BAKI, 11 aprel — Sputnik. Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən məlumat verilib.
Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Azad Azər oğlu Novruzova poçt vasitəsilə göndərilmiş banderola baxış keçirilən zaman orada olan şalvarın cibinə xüsusi üsulla hopdurularaq gizlədilmiş ümumi çəkisi 1,130 qram olan narkotik maddə - heroin aşkar edilib.
Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan Kamran Rasim oğlu Zeynalovla qısamüddətli görüşə gəlmiş anası Saatlı rayon sakini Laləzar Dövlət qızı Zeynalovanın əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında gizlətdiyi 1 ədəd "KGTEL" markalı mobil telefon aparatı aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, mart ayında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.