BAKI, 10 aprel — Sputnik. Artıq kağız dövrü keçmişdə qalıb. İndi rəqəmsal dünyada yaşayırıq. Zaman keçdikcə də kağız kataloqlar da tarixə qovuşur, onlar da artıq rəqəmsalşır. Qlobal dünyamızda insanlar daha çox məlumatı tez əldə etmək istəyirlər. Elektron versiyada bu daha əlçatandır. Bu sözləri Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Mir Azər Abdullayev deyib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, rəssam Zöhrab Cabbarov Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirmişdi ki, sovet dövründə rəssamların çəkdikləri rəsm əsərləri kataloqa yığılırdı. Həmin kataloqlar əsərlərini gələcək nəsillərə ötürmək üçün əla vasitədir. Sputnik Azərbaycan bu məsələni araşdırıb.
Zöhrab Cabbarovun fikrincə, bu ənənə bundan sonra da davam etdirilməlidir:
"Hərdən tələbələrimə deyirəm ki, hansısa əsəri çəkirik, sonra onu satırıq, o əsər də gedir kiminsə evinə, illər sonra xarab olur, atılır. Amma o əsərlər kataloqa düşsə, gələcək nəsillərə ötürülə bilər".
Rəssam deyir ki, hazırda həyatda olmayan bir çox rəssamların əsərlərini kataloqlarda görmək mümkündür:
"Axı bunun davamı gəlməlidir. Bizim rəssamlıq ənənələrimiz Mikayıl Abdullayevlə, Səttar Bəhlulzadə ilə, Maral Rəhmanzadə ilə bitmir. Mütləq yeni gələn nəsillərin də əsərləri kataloqa düşməlidir və tədris olunmalıdır. Bizim əsərlərimizi isə ən uzağı sosial şəbəkədə paylaşırlar, hamı "alqışlayır", vəssalam", - deyə rəssam fikrini tamamlayıb.
Rəssam Mir Azər Abdullayev də həmkarı ilə razılaşdığını söyləyir. O, bunu belə izah edib:
"Biz də digər ölkələrin rəssamları kimi istəyirik ki, əsərlərimizi başqa ölkələrdə də görsünlər".
Tanınmış rəssam öz həmkarlarına tövsiyə edir ki, yaşlı nəslin rəssamları da çalışmalıdırlar ki, daha çox onlayn sərgilərə qatılsınlar:
"Mənə bəzən həmkarlarım irad tuturlar ki, niyə mən ənənəvi deyil, onlayn sərgiyə qoşuluram? Orada mənim əsərlərimi daha çox adam görür".
Kataloqu çap etməyə gəldikdə isə rəssam vurğulayır ki, çap etmək baha başa gəlir:
"Çap etdik, 300-500 nüsxə, onu hər kəs almır ki. Bunun maddi tərəfi də var. Kataloqa ən azı 500 manat xərcləməlisən, amma "Instagram"a 50 manat ödəməklə 4 gün ərzində 12 min adama nümayiş etdirirsən. İndi siz baxın, hansı daha sərfəlidir?"
Əsasən "Street art"la (küçə incəsənəti) məşğul olan rəssam Elnur Şirinov da Mir Azər bəyin fikrinə şərikdir:
"Bu gün sosial şəbəkələrsiz həyatımızı təsəvvür etmirik. Gəlirlərimiz belə, sosial şəbəkələrdən gəlir. Sosial media sənət adamına sənətini nümayiş etdirmək üçün meydandır. Bu gün mənim əsərlərim kataloqda dərc olunsa, bunu çox adam görməyəcək. Götürək elə kitabları. Bu gün ənənəvi kitab mütaliəsi geridə qalıb. Hər kəs elektron versiyadan istifadə edir. Bu, həm sərfəli, həm də rahatdır. İstənilən an, istədiyin yazarın əsərini telefonuna yükləyib oxuya bilərsən. Eləcə də rəsm əsərləri. Dünyanın istənilən ölkəsində yaşayan rəssamın əsərləri ilə onlayn tanış ola bilərsən, hətta rəssamın özü ilə əlaqə saxlayıb, fikir mübadiləsi də etmək olar".
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə ilə əlaqə saxladıq.
Nazirlik nümayəndəsi bildirdi ki, hazırda sosial media və saytlar bütün rəssamların əsərlərini dünyada tanıtmaq üçün kataloqlardan daha əlverişlidir:
"Bu gün rəssamlar əsərlərini sosial media hesablarında paylaşırlar. Orada onların əl işlərini təkcə Azərbaycan yox, bütün dünya tanıyır. Kataloqları, kitabları isə çox az adam görür. Rəssamların əsərlərinin dərsliklərə düşməsinə gəldikdə isə daha çox ötən əsrdə yaşayıb yaratmış rəssamların əsərləri dərc olunur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.