BAKI, 9 aprel - Sputnik. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Rusiya-Amerika nüvə silahlarına nəzarətə dair SHS-3 (strateji hücum silahları) müqaviləsini “strateji sabitliyin qızıl standartı” adlandırıb və onu qoruyub saxlamağa çağırıb. Bu barədə RİA Novosti xəbər yayıb.
“Əslində bu gün qalan, Rusiya və ABŞ-ın milli maraqlarına cavab verən yeganə razılaşma SHS-3 müqaviləsidir. Bu strateji sabitliyin qızıl standartıdır və qorunub saxlanmalıdır", - deyə Antonov Beynəlxalq Şiller İnstitutunun keçirdiyi konfransda çıxış edərkən bildirib.
ABŞ hakimiyyəti də Co Baydenin prezidentliyinin ilk həftələrində uzadılan SHS-3-ün saxlanmasında və onun təkmilləşdirilməsi üzrə Ukrayna hadisələri fonunda dayandırılmış işlərin bərpasında maraqlı olduğunu bildirir.
Antonov Qərbi son onilliklərdə İkinci Dünya Müharibəsindən sonra yaranmış kollektiv təhlükəsizlik sistemini məhv etməkdə ittiham edib.
"Biz RHM (raket hücumundan müdafiə silahlarının ixtisarına dair) müqaviləsi, açıq səma müqaviləsi kimi əsas razılaşmaları itirmişik", - deyə səfir xatırladıb.
Rusiya Federasiyası ilə ABŞ arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması üzrə tədbirlər haqqında saziş 2010-cu il aprelin 8-də Praqada (Çexiya) imzalanıb.
Həmin sənəd 1991-ci il SHS Müqaviləsini əvəz edib və qüvvəyə mindikdən sonra isə 2002-ci ilStrateji Hücum Potensiallarının Azaldılması haqqında müqaviləni əvəz edib.
3 fevral 2021-ci ildə Moskva və Vaşinqton Müqavilənin müddətinin beş il uzadılması haqqında sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi ilə bağlı nota mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.