RUSİYA

Putin və Paşinyan Bakı ilə Yerevan arasında sülh müqaviləsindən danışıblar

Azərbaycanla Ermənistan arasında Qarabağ və dövlət sərhədi ilə bağlı üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi bir daha təsdiqlənib.
Sputnik
BAKI, 9 aprel - Sputnik. Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti xəbər verir.
"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması mövzusuna da toxunulub. Müxtəlif səviyyələrdə fəal Rusiya-Ermənistan təmasları davam etdiriləcək", - deyə məlumatda bildirilir.
Şənbə günü baş tutan telefon danışığı zamanı Ermənistanın baş naziri aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti ilə danışıqlar barədə Rusiya prezidenti Vladimir Putinə məlumat verib.
“Bu kontekstdə Vladimir Putin və Nikol Paşinyan Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında Qarabağ üzrə 9 dekabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli fundamental üçtərəfli sazişlərin, o cümlədən ikitərəfli münasibətlərin yaradılması da daxil olmaqla, ardıcıl həyata keçirilməsinin, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və iqtisadi-nəqliyyat əlaqələrinin bərpası üzrə Komissiyanın yaradılmasına başlanmasının vacibliyini bir daha təsdiq ediblər", - deyə məlumatda bildirilir.
Putin və Paşinyan Ermənistan baş nazirinin Rusiyaya gözlənilən səfərinə hazırlığı da müzakirə ediblər.
Xatırladaq ki, "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanıb.
Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Ceyhun Bayramovla Sergey Lavrov arasında kritik telefon söhbəti