BAKI, 9 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti artıb. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,16 dollar bahalaşaraq 104,85 dollar olub.
Dünya birjalarında neft qiymətləri artıb
London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,20 dollar bahalaşaraq 102,78 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,23 dollar artaraq 98,26 dollar olub.
Dünyada baş verən hadisələr, o cümlədən Rusiyaya qarşı sanksiyalar neftin qiymətlərinə təsir göstərir.
Beynəlxalq Enerji Agentliyinə üzv olan ölkələrin fövqəladə neft ehtiyatlarından müəyyən miqdarda istifadə etməyə razılıq verməsindən sonra neft qiymətlərində enmə müşahidə edilirdi. Lakin hazırda qiymətlərin ucuzlaşması dayanıb.
Beynəlxalq Enerji Agentliyinin üzvü olan ölkələr bu enerji resursunun qiymətlərini aşağı salmaq üçün öz ehtiyatlarından bazara 120 milyon barel neft göndərəcək. Bazara çıxarılacaq 120 milyon barelin 60 milyon barelini ABŞ-ın strateji neft ehtiyatları qarşılayacaq.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
“Azeri Light” nə üçün yüngül neft sayılır?
Neftin də yüngül və ağır növləri var. Bəs nə üçün “Azeri Light” yüngül neft sayılır?
Yüngül neft daha çox arzulanan, qiyməti baha, emalı və distilləsi və nəqli asan başa gələn neft növüdür. Əgər neftin API çəkisi 31,1 dərəcədən böyükdürsə, o, yüngüldür və suyun səthinə çıxır. “Azeri Light” yüngül neftdir və bahalıdır. Onun API çəkisi 34-35 dərəcədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.