BAKI, 8 aprel — Sputnik. Prezident İlham Əliyevin dediyi xoş sözlər Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovu çox sevindirib.
"Cənab Prezidentin belə dəyər verməsindən sonra öz qərarlarımda daha da rahat və inamlı oldum", - o, İlham Əliyevin bu gün Azərbaycan millisinin güləşçiləri ilə görüşdə onun haqqında söylədiyi ifadələrə münasibət bildirərkən deyib.
50 yaşlı mütəxəssis Report-a müsahibəsində həmin fikirləri eşidəndə həyəcanlandığını qeyd edib:
"Dəfələrlə bildirmişəm ki, Ali Baş Komandandan belə xoş sözlər eşitmək mənə əlavə güc və böyük motivasiya verir. Öz işimdə daha da ciddi olmağa çalışıram. Bu gün həqiqətən mənim üçün çox xoş oldu. Hətta həyacanlandığımı da deyərdim. Çünki bu, həqiqətən də həmin qərar çox kiçik qərar deyildi. Həmin anda bəlkə də 30 saniyə, 1 dəqiqə içində ağlımdan "hansı qərarı qəbul etməliyəm" fikirləri keçmişdi. Ədalət naminə qərar veririksə, buna dəyər verilir. Cənab Prezidentin də buna dəyər verməsi mənim üçün çox xoş oldu. Bir daha ona təşəkkür edirəm".
Qeyd edək ki, Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin Fransa "Marsel"i ilə Bakıda keçirilmiş cavab görüşündə "Qarabağ"ın futbolçusu İbrahima Vadjinin vurduğu qolu ləğv etdirib. O, qol epizodunda Vadjinin əllə oynadığını əsas gətirib.
İlham Əliyev bu gün Azərbaycan millisinin güləşçiləri ilə görüşdə Qurban Qurbanovun həmin hərəkətini müsbət mənada misal çəkib:
"Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir.
Çünki bilirsiniz, qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz. Həm qələbə münasibətilə, həm ləyaqətli davranış münasibətilə sizi təbrik edirəm. Əlbəttə ki, biz hamımız, bütün Azərbaycan xalqı sizdən yeni qələbələr gözləyir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.