MƏDƏNİYYƏT

"Gəzmək" adıyla rəqs məktəbinə gedən balerinamızın anım günüdür

Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bir çox əsərin uğuru məhz Qəmər Almaszadənin verdiyi quruluşla bağlı olub. Görkəmli balet ustası klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığı nailiyyətlərinin ahəngdar vəhdətini yarada bilib
Sputnik
BAKI, 7 aprel — Sputnik. Bu gün Azərbaycanın ilk balerinası, milli balet sənətimizin inkişafında, formalaşmasında və istedadlı gənc kadrların yetişməsində misilsiz xidmətləri olan, dünya şöhrətli görkəmli sənətkar, Xalq artisti Qəmər Almaszadənin anım günüdür.
Sputnik Azərbaycan xəbər verir ki, 1915-ci ildə Bakıda dünyaya göz açan Qəmər Almaszadənin bacısı Ədilə xanım da balerina olub. 28 yaşında vərəm xəstəliyindən vəfat edib. Hər iki bacı məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyub.
İlk dərslərdən sonra aydın oldu ki, Qəmərin istedadı var və qızı böyük bir gələcək gözləyir. Populyarlıq isə tez gəlir. Qəmərin pərəstişkarları çoxalmağa başlayır. Lakin bu uğurun arxa tərəfi də vardı. Qəmərin arxasında yersiz söz-söhbət gəzməyə başlayır. Bir gün isə Qəmərə görə onun ailəsindən üz döndərən qohumlarından biri Qəmərə qarşı sui-qəsd törədir. Silahdan ona atəş açır. Lakin xoşbəxtlikdən güllə yalnız onun ayaqqabısının dabanına dəyir.
Mömin müsəlman Hacı Ağa doğma qızını həddən artıq yüngül, hətta açıq-saçıq balet kostyumu geyinmiş səhnədə heç təsəvvür edə bilməzdi. Balaca Qəmərin anası atasından xəbərsiz ona dəstək olub. Xalq artisti xatirələrində qeyd etmişdi ki, anası gizlincə onu özəl rəqs studiyasına göndərirmiş Beləcə, onlar bir neçə il Hacı Ağaya "gəzməyə gedirik" deyərək, rəqs məktəbinə dərslərə gedirmiş:
"Bütün bunlar böyük məhəbbət bəslədiyim atamdan gizlincə baş verirdi. Lakin zamanla atama, hətta kənar şəxslər, sadəcə tanışlar və xəbərdar etməyi unutduğumuz qonşular, ya da sadəcə özlərini saxlaya bilməyənlər təbriklərlə yaxınlaşmağa başladılar. O, təbrikləri sevinclə qarşıladığını göstərirdi, amma hiddətlənirdi, qəzəblənirdi, anamla qızğın mübahisələr salırdı".
Günlərin birində Qəmər konservatoriyanın tələbəsi, gələcək bəstəkar Əfrasiyab Bədəlbəyli ilə rastlaşır. Onda Qəmərin 16 yaşı olub. Əfrasiyab özündən 7 yaş kiçik olan Qəmərin gözəlliyinə heyran olur və qayğı göstərməyə başlayır. Bir gün dərslərdən sonra o, qızı evə ötürməyi təklif edir. Onlar evə çataçatda Qəmər atası ilə qarşılaşır. Qəmər atasından utanıb pis vəziyyətdə qalır və Əfrasiyabın qarşısında məsələni qəti qoyur. Tezliklə Əfrasiyabın valideynləri ona elçi düşüb ailənin böyük qızı Qəməri nişanlayırlar. Bundan sonra o, həyat yoldaşı bəstəkar Əfrasiyab Bədəlbəyli ilə birlikdə Sankt-Peterburqa təhsil almağa gedir. Qəmər xanım A.Vakanova adına Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur, Əfrasiyab bəy isə konservatoriyanın bəstəkarlıq şöbəsində təhsil alır. 1936-cı ildə ali məktəbi bitirib, Bakıya qayıdırlar.
Əfrasiyab bəy "Qız qalası" baletini Qəmər xanıma həsr edib. Əsas partiyanın ilk ifaçısı da Qəmər xanım olub.
Qəmər xanımın birinci hamiləliyi uğurlu olmayıb. Bundan sonra daha uşaq istəməyib. Əfrasiyab bəy isə əksinə, uşaq istəyirmiş. Yəqin ki, ailənin dağılmasına səbəb bu olub. Əfrasiyab bəy Qəmər xanımdan sonra Yevgeniya adlı bir qadınla evlənir. Buna baxmayaraq, Qəmər xanımla son günə qədər əlaqəsini kəsməyib.
Boşanandan sonra da Qəməri sevənlər az olmayıb, amma o, bir daha heç kimlə ciddi münasibətlər qurmaq istəməyib. Şəxsi həyatın olmaması onun işinə səmərəli təsir göstərib. 1953-cü ildə o, M. F. Axundov adına Azərbaycan opera və balet teatrının əsas baletmeysteri olur. Təkcə SSRİ məkanında deyil, onun hüdudlarından kənarda da məşhurlaşır. Qəmər öz truppası ilə Fransa, Hindistan və Nepala qastrol edib. 1970-ci ildə İraqın mədəniyyət nazirliyinin dəvətilə Bağdadda olaraq, orada İraq xalq rəqsləri ansamblının əsasını qoyub.
Balerina ərəb dilini bilirmiş. Özünə lazım olan qeydlərini ərəb dilində yazıb. O, tək İraqda deyil, Nepalda da rəqsin, baletin inkişafına kömək etmişdi. Balerina xanım zövqlə geyinməyi çox sevirmiş. Onun xüsusi fransız dərzisi olub. Ona ən son materialları, modaları sifariş verirmiş. Evdə həmişə hündürdaban çəkmələrdə gəzib. Hətta qonaq gedəndə də özü ilə geyinməyə hündürdaban nəsə götürüb. Gözəlliyinə həmişə qiymət verib. Ən bahalı ətirləri alıb. Bir dəfə hansısa ölkədə satıcı deyib ki, bu ətir sizin üçün çox bahalıdır. Cavabında Qəmər xanım bildirib ki, onun üçün bahalı ətir yoxdur, neçəyə satsalar, alacaq. Balerina həm də gözəl ev xanımı olub, qonaq çağırmağı çox sevib. Teatrda həmişə şampanı, kürüsü, yaxşı konfetləri olub.
Qəmər xanım səhnədən gedəndə 35 yaşı vardı. O elə hesab edirdi ki, dramatik aktrisadan fərqli olaraq, balerina üçün bu artıq ciddi yaşdır. "Qoy, tamaşaçılar məni cavan xatırlasınlar!" - deyirdi.
Qocalmaqda olan Qəmər xanımda skleroz başlayır. O, çox xeyirxah və açıqürəkli qadın idi, tez-tez həyətin ac uşaqlarına yemək verirıdi ki, onlar sonradan Qəmər xanımın xəstəliyindən istifadə edib, onun olan-qalanını oğurlamışdılar.
Qəmər Almaszadə 2006-cı il aprelin 7-də dünyasını dəyişib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Kimin əvvəli, kimin axırı - Azərbaycanlı məşhurların əsl peşələri nə olub?