SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Abşeronda radiasiya saçan göllər, təhlükəli su quyuları - deputat həyəcan təbili çaldı

Asim Mollazadə MM-ə Azərbaycan şirkətlərinin dünyaya verəcəyi töhfələr və Abşeron yarımadasında radiasiya saçan göllərlə bağlı təkliflər verib.
Sputnik
BAKI, 6 aprel — Sputnik. Milli Məclisin ötən gün keçirilən plenar iclasında "Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Dövlət Neft Şirkəti (SOCAR) ilə "GL İnternational LTD" MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib ki, bu sazişin təsdiqlənməsi ilə Azərbaycan yenə də dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.
Onun sözlərinə görə, Azərbaycanda neft sahəsində sazişin imzalanması böyük siyasi mahiyyətə malikdir. Çünki Azərbaycan öz neft strategiyasını davam etdirir.
"Azərbaycanın köhnə neft yataqlarını tam bərpa edərək yenidən istifadəyə vermək üçün müasir texnologiyalara ehtiyac var. Bu Sazişdə əslində yeni texnologiyalarla köhnə quyular üzərində iş aparmaqdan söhbət gedir. Saziş Azərbaycan şirkəti ilə imzalanır. Həmin şirkətdə çalışan azərbaycanlılar son 30 ilə yaxın müddətdə beynəlxalq şirkətlərlə Azərbaycanın əməkdaşlığının nəticəsində yeni texnologiyaları qavramış, yüksək texnologiyalarla işləmiş insanlardır. Bu, özü-özlüyündə gələcəkdə Azərbaycan şirkətlərinin dünyanın neft, qaz, enerji sistemində işlərə cəlb olunması üçün gözəl təcrübədir", - A.Mollazadə deyib.
O qeyd edib ki, sovet dönəmində və ondan əvvəl istismar olunan yataqlar Azərbaycanın ətraf mühitinə zərbə vurub:
"Abşeron yarımadasında radiasiya saçan gölləri görəndə anlayırıq ki, Sovet dönəmində korlanmış ətraf mühiti bərpa etmək üçün böyük işlər görməliyik. İstifadədə olan köhnə quyulardakı sulara çox ciddi diqqət ayrılmalıdır. Həm hökumət, həm də qeyri-hökumət təşkilatları bu istiqamətdə ciddi addımlar atmalıdır. Çünki, köhnə quyularda olan sular çox təhlükəlidir. Buzovna, Zirə, Qala bizim turizm baxımından mühüm bölgələrdir. Bu bölgələrdə ətraf mühiti qorumaq çox zəruridir. Ona görə bu kontraktın icrasına ciddi nəzarət olmalıdır"
Qeyd edək ki, bu gün parlament yeni neft sazişini təsdiq edib. Sazişə əsasən Azərbaycanda Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blok bərpa olunacaq və işlənməsinə başlanılacaq.
Layihə səsə qoyularaq bir oxunuşda qəbul edilib. Xatırladaq ki, Saziş 2021-ci il dekabrın 14-də bağlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
NEFT-QAZ
Parlament yeni neft sazişini təsdiqləyib