BAKI, 4 aprel — Sputnik. Aprelin 9-dan Rusiya COVID-19-un yayılması ilə əlaqədar onlarla ölkəyə müntəzəm və çarter reyslərinə tətbiq edilən məhdudiyyətləri ləğv edəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin "Vahid Rusiya" fraksiyası ilə görüşündə deyib.
O, bu gün aviasiya sənayesinin və vətəndaşların gözlədiyi müvafiq sənədi imzaladığını açıqlayıb. Rusiyanın Baş naziri əlavə edib ki, yoluxma səviyyəsi nisbəti azalır, bu, o deməkdir ki, Rusiya aviaşirkətləri üçün mövcud olan istiqamətləri genişləndirməyin vaxtıdır:
"Hazırda onlar 15 ölkəyə məhdudiyyətsiz uça bilirlər. İndi biz Argentina, Hindistan, Çin, Cənubi Afrika və digər dost dövlətlər də daxil olmaqla, 52 ölkə ilə uçuşları bərpa edirik".
Qeyd edək ki, uçuş məhdudiyyətinin götürüldüyü ölkələrin siyahısında Türkiyə də var.
Xatırladaq ki, Rusiya 2020-ci ilin martın 27-dən koronavirus pandemiyası səbəbilə digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırmışdı. Rusiyalıların xaricdən qayıtması üçün təşkil edilən uçuşlar və hökumət adından edilən müəyyən uçuşlar istisna təşkil edirdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.