BAKI, 4 aprel — Sputnik. Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 6 nəfər (qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yaralananlar müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.
Bakıda güclü külək yük avtomobilini aşırıb. Hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Güclü külək nəticəsində yük maşını yolun hərəkət hissəsinə aşıb.
Xatırladaq ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Belə ki, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
"Güclü küləyin baş verə biləcək yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir", - FHN-in məlumatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.