CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səməni atma və ya qubalılar nəhsdən necə çıxırlar - VİDEO

Quba bölgəsində qeyd edilən çox maraqlı bu adət Azərbaycanımızın cənubunda da geniş yayılıb. Adətin maraqlı izahı da var.
Sputnik
Qubada hər il Novruz bayramından 14 gün sonra səməni atma bayramı qeyd olunur. Qubalılar Qudyalçayın üstünə gəlib ürəyindən keçən arzu-diləyi axar suya söyləyərək, bayramda cücərtdiyi səmənini çaya atar, növbəti ilin eyni günündə arzusu çin olarsa, yenidən çay üstünə gəlib şirniyyat, konfet paylayarlar.
Bu adət hər il aprelin 2-də Qubada həyata keçirilir. Qubalılar demək olar ki, Novruzda böyütdükləri səmənini ancaq suya atarlar. Bir neçə il pandemiya səbəbindən bu mərasim təmtəraqlı qeyd edilməsə də, yenə də insanlar həmin günü çay başına gedirdilər.
Əslən Təbrizli Faiqə Nüsrəti bu adətlə bağlı çox maraqlı nüansları danışdı. Bu mərasimin əsasən Cənubi Azərbaycanda qeyd edildiyini, bayramın əsl adının Sizdəh olduğunu vurğuladı.
"Bu bayramın əsl adı Sizdəhdir. Əsasən Novruzun 14-cü günü qeyd olunur. Mən əslən Təbrizliyəm. Bu mərasim bizim evdə də qeyd olunur. Bayramın tarixi də qədimə gedir və bu əsasən Cənubi Azərbaycanda, İranda və Əfqanıstanda qeyd edilir. Aprelin 2-də insanlar evlərindən çıxar, təbiətin qoynunda oturar, şənlik edərlər. Əsasən buna "nəhsdən çıxma" da deyilir. Novruz üçün yetişdirdikləri səməniləri ya axar suya atar, ya da torpağın üzərinə qoyarlar. Həmin günü insanlar mütləq şəkildə evdən çıxar, təbiət qoynunda oturar, ərə getmiş, təzə ailə qurmuş övladlar ilə bayram süfrəsi təşkil edib ətrafına toplaşarlar. Mən hal hazırda Təbrizdəkilərlə əlaqə saxladım və onların hamısı, təbiət qoynunda, meşəliklər də, parklarda olduqlarını bildirdilər. Bir daha qeyd edirəm bu gün nəsdən çıxma və təbiətə qovuşma kimi qəbul edilir", - dedi Faiqə xanım.
Belə qənaətə gəlmək olar ki, bu mərasimi Qubaya ya Cənubi Azərbaycandan bura köçənlər gətiriblər, ya da onlar Qubadan gedənlərdən götürüblər.