CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayların sultanı Ramazan barədə nə bilirik

Ötən il, 29 ildən sonra Ramazan bayramı işğaldan azad olunmuş Şuşamızda da qeyd olundu. Bayram münasibətilə Şuşa şəhərinin Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılındı.
Sputnik
BAKI, 2 aprel — Sputnik. Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata əsasən, bu il Ramazan ayı aprelin 2-nə təsadüf edir.
Niyyət gecəsi aprelin 1-dən 2-nə keçən gecəyə düşür.
Ramazan təqviminə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-a təsadüf edəcək.
Bundan əlavə, aprelin 21-i (Ramazan ayının 20-dən 21-nə keçən gecə), 23-ü (Ramazan ayının 22-dən 23-nə keçən gecə) və 27-də də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) Qədr gecələri olacaq.
Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramı olacaq.
Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.
***
Ramazan bayramı şəvval ayının 1-ci günü, Ramazan ayının sonunda, orucun başa çatması münasibətilə qeyd edilir.
Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.
İslamda ilin ayları arasında Ramazan ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar.
Qüdrətli gecə
Ramazan ayında oruc tutulması müsəlmanlara Hicrətin ikinci (622-ci il) ilində vacib bilinib. Məhz Ramazan ayının axırıncı on gecəsinin birində Quran nazil olub. Deyilənə görə, bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib. Həmin gecə "leylət əl-Qədr" – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!”
Ramazan ayında
Ramazan ayında qadağalar
Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar.
Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29–30 gün davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib-için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.
Məhəmməd peyğəmbər buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar.
Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzinə (qəzasını) tutmalı və ya fidyə verməlidirlər.
İftar süfrəsi
Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.
Ramazan ayının ən gözəl tərəflərindən biri birgə imsak (səhər yeməyi) və iftar (orucu açanda yeyilən yemək) süfrələridir. Qazaxın Kosalar kəndindən İlqar Mustafayevin ailəsinin timsalında bu mərasimin incəlikləri ilə tanış olmaq olar:
CƏMİYYƏT
Günün ən gözlənilən anı: Ailə ətrafında iftar axşamı
Hər il Ramazan ayı ərəfəsində Qafqaz Müsəlmanları İdarəsi imsak və iftar vaxtlarının cədvəlini açıqlayır. Ramazan ayının hər gününün öz duası olur.
Fitrə bayramı
Orucluğun başa çatdığı gün fitrə bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.
Bundan əlavə, bayram günü insanlar öz böyüklərinin ziyarətinə gedir, həmçinin övladları üçün müxtəlif hədiyyələr alırlar.
Qeyd edək ki, 1993-cü ildən Azərbaycanda Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur. Orucluq (Ramazan) bayramı Azərbaycanda Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən, dövlət səviyyəsində qeyd olunmağa başlayıb.
Ramazan ayında
Azərbaycanda Ramazan bayramı günlərində ölkə məscidlərində birgə bayram namazları qılınır. Lakin son illər pandemiya ilə əlaqədar bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin və digər qurumların qərarları əsas olaraq götürülür. Bu məsələdə insanların kütləvi şəkildə toplaşması ilə xəstəliyin artması problemləri nəzərə alınır.
Ötən il, 29 ildən sonra Ramazan bayramı işğaldan azad olunmuş Şuşamızda da qeyd olundu. Bayram münasibətilə Şuşa şəhərinin Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılındı.
Bu il Ramazan bayramı mayın 2-3-nə təsadüf edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İNFOQRAFİKA
Ayların sultanı - müqəddəs Ramazan