BAKI, 1 aprel — Sputnik. Ötən il ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2020-ci illə müqayisədə 39,5 min ton çoxalaraq ümumilikdə 880,2 min ton təşkil edib.
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bunun 82,2 faizi və ya 723,5 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb. Avtomobillərdən atılmış zərərli maddələrin həcmi 4,2 faiz, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 6,8 faiz artıb. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 6,3 min ton, Mingəçevir şəhərində 1,6 min ton, Sumqayıt şəhərində isə 0,7 min ton artıb.
Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 65,7 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənayə müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 121,1 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.
Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 58.5 faizini karbon oksidi, 25.6 faizini karbohidrogenlər, 12,0 faizini azot oksidi, 0,3 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.