MƏDƏNİYYƏT

Vyanada Reza Deqatinin fotoəsərlərindən ibarət sərgi açılıb - FOTO

Məşhur fotojurnalist 44 günlük Vətən müharibəsindəki tarixi zəfərdən sonra Qarabağa ilk səfər edən xarici fotojurnalist kimi burada gördüklərindən danışıb.
Sputnik
BAKI, 31 mart — Sputnik. Ötən gün Vyanada Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyi çərçivəsində "Qarabağın ruhu - sülhə doğru uzun yol" adlı sərginin açılışı baş tutub.
Sputnik Azərbaycan xəbər verir ki, tanınmış fotojurnalist Reza Deqatinin fotolarından ibarət sərgidə Qarabağ və ətraf ərazilərin işğal dövründəki və azad edildikdən sonrakı vəziyyəti təqdim edilib.
Sərgidə Ermənistan və Azərbaycan arasında təxminən 30 il davam edən münaqişənin nəticələri, insan iztirabları və ümidsizliyini əks etdirən əsərlər toplanıb. Lakin bu sərgi heç də müharibə haqqında deyil, daha çox münaqişədən sonra öz ata-baba yurdlarına geri dönmək istəyən insanların əzmi, vətən sevgisi, illərlə keçirdikləri iztirablar və münaqişədən sonra isə yeni quruculuq və Qarabağın dirçəlişinə həsr olunmuş bir fotoxronikadır.
Məşhur fotojurnalist 44 günlük Vətən müharibəsindəki tarixi zəfərdən sonra Qarabağa ilk səfər edən xarici fotojurnalist kimi burada gördüklərindən danışıb. O, ermənilərin Qarabağda törətdiyi dağıntılardan bəhs edərkən, erməni iddialarına da cavab verib. Fotosərginin önəmli hissəsində Qarabağda yeni quruculuq işləri, sülh, əmin-amanlıq və gələcək inkişafa xidmət edən layihələrə həsr olunub. Sərgi vasitəsilə 30 illik işğal dövrünün hazırkı quruculuq dövrü ilə müqayisə etmək mümkündür.
R.Deqati bildirib ki, onun müəllifi olduğu sərgi təkcə tarixi reallıqların toplusu deyil, həm də sülhə və dinc yaşayışa çağırışdır. Vyana şəhəri bu sərgi üçün ilk dayanacaqdır və yaxın gələcəkdə sərginin başqa şəhərlərdə də nümayişi nəzərdə tutulur.
Aprelin 14-dək davam edəcək sərgidə Reza Deqatinin 100-dən artıq fotosu, stend, video və kitablar ziyarətçilərə təqdim ediləcək. Sərgidə Qarabağdakı dağıntıların təsvir edilməsi, Xocalı faciəsinə dair ayrıca guşənin olması, ziyarətçilərə işğal dövrü ilə, hazırda sürətlə davam edən tikinti-bərpa dövrünü aydın şəkildə müqayisə etmək imkanı yaradır.
Qeyd edək ki, Reza Deqati 40 ildən çoxdur, dünyanı gəzib-dolaşır. O, Qarabağda dəfələrlə olub. Qarabağ gerçəkliklərini dünyaya çatdırıb. Məşhur fotoqraf Azərbaycanın işğaldan azad olunmuş bir çox bölgələrində - Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər rayonlarında fotolar çəkib. O, bundan başqa, Bərdədə və Gəncədə baş verən erməni terrorunu fotoları vasitəsilə dünyaya yayıb. Bundan başqa, otuzdan çox kitabın müəllifi olan Deqati 20 Yanvar gecəsi ilə bağlı "Məsumların qırğını" (The Massacre of the Innocents) adlı kitab dərc edib.
O, bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
"İşgəncə aparatı" ilə hörmət qazanan adam: "Gözəllik və ədalətsizlik ürəyimi titrədirdi"