BAKI, 31 mart — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çində Əfqanıstanın xarici işlər naziri Əmirxan Muttaki ilə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
Görüşdə Rusiya XİN rəhbəri Əfqanıstan hökumətinin, o cümlədən siyasi dairələrinin inklüzivliyinin təmin edilməsinin zəruriliyini bəyan edib.
Lavrov bildirib ki, beynəlxalq ictimaiyyət Kabilin yeni hakimiyyət orqanları ilə fəal əməkdaşlıq etməli və Əfqanıstan hakimiyyətinin BMT və təşkilat üzvləri tərəfindən rəsmi tanınması istiqamətində lazımi addımların atılmasına kömək etməlidir.
"Əsas məsələ hökumətinizin, dövlət strukturlarınızın təkcə etno-konfessional nöqteyi-nəzərdən deyil, həm də digər siyasi qüvvələrin iştirakı baxımından inklüzivliyini təmin etməkdir", - Lavrov bildirib.
Lavrov əlavə edib ki, Rusiya iqtisadi nümayəndə heyəti bir neçə gün əvvəl Kabilə səfər edib. Rusiya XİN rəhbəri Əfqanıstanla əməkdaşlıq imkanlarını müsbət qiymətləndirib.
"Bir neçə gün əvvəl iqtisadi qurumlar və infrastruktur şirkətlərindən ibarət nümayəndə heyətimiz Kabilə səfər etdi. Bu, müsbət görüş oldu, gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu. Əminəm ki, bu, hər iki tərəf tərəfindən dəstəklənir", - nazir bildirib.
Xatırladaq ki, Rusiya XİN rəhbəri Çinin Tunsi şəhərində Əfqanıstanın qonşu ölkələrinin konfransı çərçivəsində həmçinin Çin və İrandan olan həmkarları ilə də görüşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.